30 Oktyabr 2014 14:23
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

«Baku World Challenge 2014» yarışlarının keçirilməsi ilə əlaqədar olaraq paytaxtın bəzi mərkəzi yolları bağlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib ki, «Baku World Challenge 2014» yarışlarının keçirilməsi ilə əlaqədar bu gün səhər saatlarından başlayaraq paytaxtın «20-ci sahə» dairəsindən Bayraq Meydanı da daxil olmaqla, Azneft istiqamətində giriş-çıxış hissəsi yarış başa çatana qədər avtomobillərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi əhalinin, paytaxt sakinlərinin, sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, qeyd edilən istiqamətlərə hərəkət tam məhdudlaşdırılır və istiqamət dəyişdirilir: "Ona görə əhalidən xahiş edilir ki, bunu nəzərə alıb paytaxtdan Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi və "20-ci sahə dairəsi"ndən çıxmaq istəyənlər Badamdar qəsəbəsi və yaxud 3-cü kənar dairəvi yolla, eləcə də Tbilisi prospekti ilə Bakı-Sumqayıt yolunun Xocasən yolu ilə kəsişməsindən cənub və ya şimal istiqamətinə hərəkət edə bilərlər".

V.Əsədov bildirib ki, Bayıl qəsəbəsində, "20-ci sahə"də yaşayan sakinlərin hələlik Xalça Muzeyinin yanından əlavə yolla Qurban Abbasov küçəsi ilə hərəkəti planlaşdırılıb. "20-ci sahə"dən Azneft dairəsi və ya Neftçilər prospektinə gedənlər isə "20-ci sahə" dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq dairəsi, Mətbuat prospekti və 3-cü kənar dairəvi yol istiqamətində hərəkət edə bilərlər.

Onun sözlərinə görə, bundan əlavə, bölgələrdən, paytaxtın cənub istiqamətindən mərkəzə doğru gələnlər Bakı-Ələt yolunun 14-cü kilometrliyindən Sədərək və ya Binə ticarət mərkəzləri, yaxud Lökbatan qəsəbəsi istiqamətinə hərəkət edərək 3-cü kənar dairəvi yoldan və ya Xocasən yolundan keçməklə istənilən istiqamətlər üzrə hərəkət etməlidir.

Bundan əlavə, Sumqayıt, Xırdalan, ümumiyyətlə şimal bölgəsindən paytaxtın mərkəzinə doğru hərəkət edənlər nəzərə almalıdırlar ki, həmin istiqamətdə də dəmiryol körpüsü üzərində yenidənqurma ilə əlaqədar sıxlığın yaranmaması üçün qoyulmuş yol nişanlarına uyğun və yol zolaqları üzrə avtomobillər düzgün cərgələnərək hərəkət edilməlidir. Belə ki, şəhərin mərkəzinə doğru hərəkət edənlər Bakı Beynəlxalq Avtovağzalının inzibati binası yanından 3-cü kənar dairəvi yolla maşın bazarı, Mikayıl Müşfiq küçəsi, Badamdar qəsəbəsi istiqamətində və yaxud dairəvi hərəkət zolağından geriyə dönüb Yeni Yasamal ərazisinə daxil olmaqla istənilən istiqamət üzrə hərəkət edə bilərlər.

Bakı yol polisi bir daha əhalidən, hərəkət iştirakçılarından xahiş edir ki, yarışın əhəmiyyətini nəzərə alaraq, “avtomobilsiz bir həftə” adı altında aksiyaya birgə start versinlər və ictimai nəqliyyat vasitələrindən istifadə etməklə şüurlu olaraq süni yaranacaq sıxlığın və yaxud yol qəzası hadisələrinin qarşısını birgə alsınlar.

Qeyd edək ki, noyabrın 1-2-də Bakı şəhərində "Baku World Challenge 2014" yarışları keçiriləcək.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər