30 Oktyabr 2014 16:37
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi İşəgötürənlər Təşkilatı arasında Memorandumun imzalanıb

Oktyabrın 30-da Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müasir iqtisadi inkişaf konsepsiyası təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığının hərtərəfli perspektiv inkişafını tələb edir. Bunu nəzərə alaraq, Təhsil Nazirliyi işəgötürənlərlə, biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.

Mikayıl Cabbarov son dövrlər bu sahədə işlərin intensivləşdirildiyini xatırladıb. Müxtəlif ali təhsil müəssisələrində sahibkarların iştirakı ilə məzunlar üçün əmək yarmarkalarının keçirilməsi, peşə təhsili məktəblərində tədrisə sahibkarların cəlb olunması, tələbələrin sahibkarlıq müəssisələrində təcrübə keçməsi ilə bağlı fəaliyyətin artırılması Təhsil Nazirliyinin biznes dünyası ilə əlaqələrinin genişləndirilməsi sahəsində həyata keçirdiyi işlərin görünən hissəsidir. “Müasir Azərbaycan Peşəkarları” layihəsini xatırladan Mikayıl Cabbarov bildirib ki, bu layihə çərçivəsində peşə təhsili müəssisələrində hazırlanan mütəxəssislər əmək bazarındakı tələbata uyğunluğu ilə seçilir. Belə mütəxəssislərin 75 faizindən çoxu tədrisi başa vuran kimi öz ixtisasına uyğun iş yeri tapır. Bu isə yeni tədris metodlarının işəgötürənlərin gözləntilərinə uyğun olduğunu göstərir.


Nazir bildirib ki, müasir dövrdə tədrisin mövcud əmək bazarına uyğunlaşdırılması bütün sahələrdə kadr çatışmazlığının aradan qaldırılmasına, sahibkarlıq obyektlərinin yüksək səviyyəli yerli kadrlarla təminatına istiqamətlənib. Bu sahədə uğurlara nail olmaq üçün ilk növbədə, sahibkarlarla ali məktəblər və peşə təhsili müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsi vacıbdır. Sahibkarlar onlara hansı keyfiyyətlərə malik kadrların gərək olduğunu birbaşa tədris müəssisələrinə sifarış edir, müvafiq tələblərə uyğun formalaşmasına istiqamət verir. Eyni zamanda sahibkarların tələbələrin təcrübəyə cəlb olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Dünya əmək bazarına uyğun, əcnəbi mütəxəssislərdən geri qalmayan rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması müasir təcrübi biliklərin səviyyəsindən asılıdır.

Nazir sahibkarlara biznesin starteji hədəflərini müəyyənləşdirərkən kadr ehtiyatının hazırlanması işini unutmamağı tövsiyə edib. Tələbələrin innovativ ideyalarının dəstəklənməsi, xüsusi təqaüdlərin təsis edilməsi gələcəyin praqmatik düşüncəli mütəxəssislərinin hazırlanmasına verilən ən böyük töhfədir. Mikayıl Cabbarov ASK-nın ali təhsil müəssisələrində biznes-inkubatorların yaradılması layihəsinə dəstək verəcəyinə əminliyini vurğulayıb.

ASK-nın prezidenti Məmməd Musayev Azərbaycanda sahibkarlığın vəziyyəti və nazirliklə adı çəkilən qurum arasında imzalanan Memorandumun əhəmiyyətindən danışıb.

Tərəflər arasında Memorandum imzalanıb.

Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.

SEVİL


Müəllif:

Oxşar xəbərlər