6 Noyabr 2021 08:05
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Türkiyə arasında əməkdaşlıq getdikcə daha da çox inkişaf edir. Bilirik ki, bunun nəticəsində təkcə Azərbaycan və Türkiyə deyil, bütün region dövlətləri əmin-amanlıq və firavanlıq içində yaşayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə bildirib.

“Biz bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı işlərində yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın. Biz bu məsələləri bütün platformalarda, apardığımız bütün danışıqlarda dəfələrlə demişik və deyirik”, deyə, nazir əlavə edib.

O, xatırladıb ki, 30 il əvvəl Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə 1 milyon insanı əziyyətə düçar edib:

“Qardaşlarımız, günahsız insanlar Ermənistan tərəfindən, xüsusən də Xocalıda qətlə yetirilib. Bu hadisələr baş verən zaman ATƏT-in Minsk qrupu bəyan etdi ki, “bu problemlər danışıqlar yolu ilə həll olunacaq”. 30 il keçdi. Amma təəssüf ki, heç bir tədbirin görülmədiyini, irəliləyişin olmadığını gördük. Nəticədə azərbaycanlı qardaşlarımız 44 günlük müharibə nəticəsində öz doğma torpaqlarını Ermənistan işğalından azad etdilər. Bunun sonunda nə oldu? Bunun sonunda türkün gücünü bütün dünyaya nümayiş etdirdilər. Hamı gördü ki, Azərbaycan kimdir, türk kimdir”.

Vətən müharibəsində qazanılan qələbəni yüksək qiymətləndirən H. Akar deyib: “Gecə-gündüz çalışaraq bütün lazımi tədbirləri görməliyik ki, bundan geri dönüş olmasın”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər