Uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin təşəbbüsü ilə Ağcabədi rayonunda II Qarabağ regional Uşaq Forumu keçirilib.
Teleqraf.com xəbər verir ki, noyabrın 19-da keçirilən II Qarabağ Regional Uşaq Forumu fərqli bir ab-havada, Zəfər sevinci, qürur və fərəh dolu hisslərlə baş tutub.
Forumda valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, həssas təbəqədən olan, xüsusilə də qaçqın və məcburi köçkün, şəhid və qazi ailələrinin övladlarının iştirakına xüsusi önəm verilib. Forumun rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Nürəddin Hacıyev, rayon polis şöbəsinin əməkdaşı Taleh Qasımov və rayon təhsil şöbəsinin əməkdaşı Təyyar Hacıyev uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib və uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirin rəsmi açılışından sonra Yaqub Məmmədov adına Mədəniyyət evinin, Ağcabədi şəhər 5 saylı tam orta məktəbin, 2 və 8 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında rəqs və musiqi nömrələri və “Qarabağ Azərbaycandır!” kompozisiyası nümayiş etdirilib.