Milli Məclisin (MM) Regional məsələlər komitəsinin noyabrın 18-də keçirilən iclasında Naxcıvan Muxtar Respublikası (NMR) Ali Məclisi tərəfindən parlamentə daxil olmuş "Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.
Teleqraf.com-un xəbərinə görə, komitənin sədri Arif Rəhimzadə bildirib ki, qanun layihəsinə əsasən, Culfa rayonunun inzibati ərazi bögüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndinin və Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndinin Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi təklif olunur.
Həmçinin, Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsinin Babək rayonunun inzibati ərazisinə birləşdirilməsi təklif edilir.
"Məsələnin də əsas mahiyyəti ondan ibarətdir ki, əslində bu iki kənd Culfadan daha çox Babək rayonuna yaxındırlar. Həmin kəndlərdən biri Culfanın mərkəzindən 53 km, digəri isə 61 km uzaqdadırlar.
Həmin kəndlərin insanları Culfaya işə getmək üçün Babək rayonundan keçməlidirlər və bugünədək də belə olub. Bir sözlə, bu iki kənd indiyə kimi bir növ anklav vəziyyətində idi.
Ona görə indi bu iki kəndin Culfa rayonunun tərkibindən çıxarılaraq Babək rayonunun tərkibinə daxil edilməsi təklifi irəli sürülür və elə hesab edirəm ki, bu, çox məqsədəmüfaiq təklifdir. Qeyd edim ki, hər iki kənddə də lazımi strukturlar var, hər iki kəndin də müstəqil bələdiyyələri mövcuddur"-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.
Əslən naxçıvanlı olan millət vəkili Fəttah Heydərov isə məlum təklifi "ağlllı və gərəkli" təklif kimi dəyərləndirib.
Qısa müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Nemət