Müdafiə naziri general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra hərbi məktəbin klubunda məktəbin zabit və kursantları, həmçinin professor, müəllim heyəti ilə görüş keçirilib.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Müdafiə naziri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini şəxsi heyətin diqqətinə çatdırıb. Müharibə zamanı qardaş Türkiyənin mənəvi və siyasi dəstəyinin vacib rol oynadığı xüsusi vurğulanıb.
Yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edən nazir Vətən müharibəsində hərbi məktəbin yetirmələrinin qəhrəmanlıq və şücaətlərini yüksək qiymətləndirdiyini qeyd edib.
Müdafiə naziri Azərbaycan Ordusunda yeni texnologiyalardan istifadə olunmaqla aparılan kadr islahatlarının Ordumuzun daha da güclənməsində mühüm rol oynadığını bildirib.
Ali Hərbi Məktəbdə hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib.
Sonra general-polkovnik Z.Həsənov kursantların qayğıları ilə maraqlanıb, onlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda Müdafiə naziri hərbi təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.