Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula 40-dan çox vətəndaş yazılıb.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşlar müxtəlif xahiş və təkliflərlə çıxış ediblər. Müraciətlərin bir çoxu yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni irsin qorunması, bölgələrdə xalq yaradıcılığının təbliği və s. məsələlərlə bağlı olub.
Astara rayonunun Kakalos kəndində tarix-diyarşünaslıq muzeyinin yaradılması, kənddə XIX əsrə aid su dəyirmanının bərpası, Cəlilabad rayonunda arxeoloji qazıntılar zamanı tapılmış eksponatların təyinatının müəyyənləşdirilməsi, Lənkəran tarix-diyarşünaslıq muzeyinin eksponatlarının bərpasına kömək göstərilməsi barədə xahişlər edilib.
Vətəndaşlar həmçinin yerlərdəki uşaq incəsənət və musiqi məktəblərində yeni şöbələrin açılması, adları "Qızıl kitab"a düşmüş gənc istedadların bölgələrdə konsertlərinin təşkili ilə bağlı xahişlərini də nazirə çatdırıblar.
Qəbula gəlmiş vətəndaşları dinləyən Əbülfəs Qarayev bütün məsələlərin nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.
Nazir bəzi vətəndaşların sosial məsələlərlə bağlı xahişlərinin olduğunu, bu müraciətlərin də diqqətdə saxlanılacağını bildirib.
Qəbul başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində nazir Əbülfəs Qarayevin, nazirliyin məsul işçilərinin, cənub bölgəsinin mədəniyyət və turizm müəssisləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
İLHAMƏ