Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri də nüfuzlu beynəlxalq təşkilatların üzvü olmaq və həmin qurumların fəal üzvünə çevrilmək idi. Həmin vaxtdan başlayaraq ölkəmiz dünyanın aparıcı təşkilatları ilə fəal əməkdaşlıq edir və hətta bəzi qurumlara uğurla sədrlik edir. Azərbaycan sədrlik etdiyi beynəlxalq təşkilatların nüfuzunun daha da artırılmasında bütün imkanlardan istfiadə edib və buna nail olub. Bu gün ölkəmiz mötəbər təşkilatların fəal üzvüdür və bir sıra təşkilatlara uğurla sədrlik edib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Komitə sədri ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş xarici siyasətin ölkəmizin dünya birliyindəki reytinqini getdikcə yüksəltməsindən söhbət açıb. Deyib ki, son 18 ildə həyata keçirilən uğurlu xarici siyasət sayəsində respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarla fəal əməkdaşlığı, o cümlədən bir sıra mötəbər qurumlara sədrlik etməsi ölkəmizin əlaqələrini daha da genişləndirib və nüfuzunu yüksəldib. Koronavirus pandemiyasının dünyanı bürüdüyü vaxtda da Azərbaycan beynəlxalq qurumlarla əlaqələrini kəsməmiş, əksinə, daha da möhkəmləndirmişdir. Bir sıra iri şirkətlər və inkişaf etmiş dövlətlər pandemiyadan ciddi zərər görsələr də, Azərbaycan dövlətimizin başçısının siyasi uzaqgörənliyi sayəsində ciddi fəsadların qarşısını ala bildi.
Ç.Qənizadə deyib ki, ölkəmiz həmin çətin dövrdə sədrlik etdiyi Qoşulmama Hərəkətaının, o cümlədən Türk Şurasının videoformatda Zirvə görüşlərini keçirməyə nail olmuşdur. Budur, pandemiya təhlükəsi hələ başa çatmamış Azərbaycan daha bir quruma sədrlik missiyasını öz üzərinə götürdü. Bir neçə gün əvvəl Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında çıxış edən Milli Məclisin sədri bildirib ki, Üçüncü Ümumi Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistan İslam Respublikasının Milli Assambleyasından Azərbaycan Respublikasının Milli Məclisinə keçib. İƏT Parlamnet Assambleyası mühüm regional təşkilatdır və üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır.
Hüquq müdafiəçisi ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etməsində zəngin təcrübəsi olduğunu xatırladıb və Milli Məclisin də təşkilata sədrliyi dövründə assambleyanın fəaliyyətinin gücləndirilməsi, parlamentlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəyinə əminliyini ifadə edib. Parlament sədrinin çıxışına münasibət bildirən Ç.Qənizadə deyib ki, Milli Məclis sədri dünyanı pandemiya qorxusu bürüyəndə Azərbaycanın COVID-19-la mübarizədə beynəlxalq səviyyədə mübarizə apardığını xatırladaraq deyib: “Dövlətimizin başçısının təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar Zirvə görüşləri, həmçinin BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası keçirilmişdir. Həmçinin ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilməsi də diqqətə çatdırıldı. Digər tərəfdən, Azərbaycan pandemiyadan ən çox əziyyət çəkən ölkələrə maliyyə və humanitar yardım göstərib, xəstəlik əleyhinə peyvənd ianə edib”.
Konfransda, həmçinin Ermənistanın işğal etdikləri ərazilərdə vəhşiliklər törətdikləri, məscidlərimizi təhqir etmələri, əraziləri minalamaqla yüzlərlə dinc əhalinin və hərbçilərin ölümünə bais olduqları da diqqətə çatdırılıb. Ç.Qənizadə Azərbaycan Ordusu Ermənistanı acınacaqlı məğlubiyyətə uğratdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa-quruculuq işləri geniş miqyas alıb. Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur.
Hüquq müdafiəçisi konfrans iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərini yüksək qiymətləndirərək bildirib ki, nümayəndə heyəti həm ermənilərin törətdikləri vəhşiliklərin, həm də həmin ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işlərinin geniş miqyas aldığının şahidi oldu.