19 Avqust 2022 09:23
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 avqust Beynəlxalq Fotoqraflar günü kimi qeyd olunur.

Teleqraf.com bu münasibətlə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri, Qlobal Fotoqraflar Birliyinin Azərbaycan üzrə nümayəndəsi, Professional Fotoqraflar Assosiasiyasının üzvü Rauf Umudovla həmsöhbət olub.

Müsahibəni təqdim edirik.

- Rauf bəy, bu gün sizin gününüzdür. İlk olaraq təbrik edirəm. Ölkəmizdə demək olar ki, hər sahəyə aid peşə günü ayrılıb, bəs niyə fotoqraflar günümüz yoxdur?

- Biz özümüz fotoqraflar gününü ildə iki dəfə - iyul və avqust aylarında qeyd edirik. Məşhur fotoqrafların doğum günü ilə əlaqədar tədbirlər, kampaniyalar təşkil etmək pis olmaz. Amma hələ ki, bu məsələ gündəmdə deyil. Düşünürəm ki, yaxın zamanlarda bununla əlaqədar addımlar atılacaq.

Fotoqraf Hüseyn Hüseynzadə adına mükafat təsis etmişik, onun doğum günü ilə bağlı da tədbir keçirməyi planlayırıq.

- Qeyd etdiniz ki, iyul ayında fotoqraflar günü qeyd olunur. Amma rəsmi səviyyədə yox...

- Buna görə təəssüf edirəm. Bu günə qədər bizə dövlət səviyyəsində ofis belə ayrılmayıb. Təsəvvür edin, yalnız yaxın dostların ofislərində, qaleriyalarında toplaşıb, sərgi təşkil edə bilirik. AFB-nin ofisi yoxdur. Düzdür, qeyri-hökümət təşkilatıyıq. Çalışırıq təsdiq edək ki, Azərbaycan fotoqrafiyası ayrılıqda bir sənətdir, peşədir. Kino özü fotoqrafiyadan yaranıb. Amma fotoqrafiya arxda qalıb, kino isə irəliləyib.

- Bu gün ölkəmizdə fotoqrafiya diqqət hansı səviyyədədir?

- Müsahibədən əvvəl İçərişəhər qoruğu ilə görüşdə idim. Onlara da iradlarımı bildirdim. Vaxti ilə İçərişəhərdə mühafizə xidməti professional çəkilişə icazə vermirdi. Mən də onlara bildirdim ki, biz qeyri-kommersiya fəaliyyəti ilə məşğuluq, işimiz yaradıcılıqdı. Gələcəkdə başqa ölkəyə səfər edəndə, sərgilərdə, festivallarda İçərişəhəri göstərə bilərik. Onlar da qəbul etdilər ki, qoruqda çəkilişlər zamanı AFB üzvlərinə heç bir maneə olmacaq.

Bu gün Heydər Əliyev Mərkəzini dünyaya gözəl tarixi abidə kimi göstərmək olar. Əminəm ki, yaxınlarda tarixi abidə kimi siyahıya da salınacaq. Mərkəzin fotoları beynəlxalq müsabiqələrdən heç vaxt mükafatsız geri qayıtmayıb. Görün necə qürurvericidir?!

Bəs niyə İçərişəhər o müsabiqələrdə qalib fotolar arasında yer almasın? İçərişəhər də bizim qürurumuzdur. Bu məqamların hamısını xüsusi qeyd etməliyik.

AFB-nin Feysbuk səhifəsində "İmza: fotoqraf" ifadəsi yazılır. Tarixi təsvirləri fotoqraf yaşada bilir. Rəssam təxəyülllə çəkirsə, fotoqraf tarixi faktı çəkir.

Ona görə də foto sənətinə qiymət vermək lazımdır. Mən də o dəyərin yüksəlməsi üçün əlimdən gələni edirəm.

Kiprdə Yaxın Doğu Universitetində Azərbaycan fotoqrafiyası haqqında çıxış etdim, inanın, onlara o qədər xoş gəlmişdi ki, hətta dərsliyə də "Azərbaycan fotoqrafiyası tarixi" mövzusunu əlavə etmişdilər.

- Fotoqraf olmaq üçün təhsil vacibdirmi?

- Əslində, vacibdir. Təəssüf ki, bizdə bu sahə üzrə təhsil yoxdur. Əvvəllər peşə kimi təhsil verilirdi, fotoqraflar hazırlanırdı, amma bu peşəyə heç vaxt yaradıcı tərəfdən yanaşılmayıb. Sənan Ələsgərov, Mirnayib Həsənoğlu foto məktəbi yaradıblar. Amma ayrı-ayrı insanlardan dövlət səviyyəsinə keçməyə ehtiyac var. Rəssamlıq Akademiyasında, İncəsənət Universitetində bu ixtisas tədris olunmalıdır.

Ötən il məni Bakı Dövlət Universitetinə dəvət etmişdilər. Jurnalistika fakültəsində heç kimin fotojurnalistikanın tarixindən xəbəri yoxdu. Onlara fotojurnalistika tarixi keçilsəydi, təbii ki, fotoqrafiyanın nələrə qadir olduğunu daha dərindən bilərdilər.

Hərdən redaktorlarla da mübahisələrim olur. Deyirəm ki, işə fotoqraf götürmək üçün pula heyfiniz gəlir, amma oradan-buradan şəkillər götürüb sayta yerləşdirirsiniz, qəzetdə çap edirsiniz. İndi bircə "Azərbaycan" qəzetinin fotomüxbiri var, o da Milli Məclisdə çəkir, gəlir, heç bir yaradıcılıqla məşğul olmur. Redaksiyaların heç birin də fotomüxbir ştatı yoxdur. Bəs bununla fotojurnalistikanı necə inkişaf etdirmək olar?

- Bəs, redaksiyalarda çalışan fotoqrafları fotomüxbir hesab edə bilmərik?

- Əlbəttə, hesab olunur. Amma bu gün müxbir telefonla foto çəkib atır, artıq fotoqrafda işindən uzaqlaşır. Çox heyifsilənirəm ki, bu gün fotojurnalistika geridə qalıb. Bakı Media Mərkəzində istedadlı fotoqraflar var, amma təkcə bir tərəfi inkişaf etdirmək düzgün deyil. Nəyə görə qəzetlər, jurnallar, saytlar başqa yerdən şəkil götürməlidir? Olmaz ki, özünün şəxsi fotolarından ibarət baza yaradıb, digərləri ilə rəqabətə girsinlər?

- AFB-dəfotoqraflara dəstək üçün hansı addımlar atılıb?

- Mən may ayından AFB-də sədrəm. Bu vaxta qədər də idarə heyətində çalışmışam. AFB olaraq beynəlxalq müsabiqələrə, beynəlxalqfestivallara imza atmışıq. Bu gün də öz işimizi görməkdəyik. Amma birməkanımız yoxdur ki, orada seminarlar, master klasslar təşkil edək.

Elə insanlar var ki, bizimlə təmasda olmaq, hər hansı layihəni işləyib təqdim etmək istəyirlər. Amma baxırlarki, o imkanyoxdur. Yaxud dünyasını dəyişmiş fotoqraflarımızın arxivlərini saxlamağa yer tapmırıq. Biz arxivləri itirə-itirə gedirik. Mən arzu edirəm ki, bizim foto evimiz olsun, müasirlərimizdən başqa klassiklərimizin işlərini saxlayaq, zaman-zaman nümayiş etdirək. Tədbirlər, yaradıcılıq gecələri təşkil edək. Bu insanları tanıtmaq üçün bunu etməliyik.

- Bunun üçün müvafiq orqanlara müraciət etmisiniz?

- Mənə qədər müraciətlər olub. Mən də düşünürəm ki, fəaliyyətimizi genişləndirək və görsünlər ki, bizə ofis vermək lazımdır. Çünki bu gün yalın əllə kimdənsə məkan istəmək absurd bir şeydir.

- Hansı fotoqrafların əl işlərini bəyənirsiniz?

- Çoxdur. Biz bir-birindən bəhrələnən insanlarıq. Mənim xaricdə də tanıdığım fotoqraflar var. Fotolarını şah əsər hesab etdiyim Fərid Məmmədov və Hüseyn Hüseynzadənin əsərləridir.

- Uğurlu foto çəkməyin qızıl qaydasını deyə bilərsiniz?

- Onun üçün məktəb keçmək lazımdır. Bu gün fotoqrafiya ilə məşğul olanlar az deyil. İstər telefon, istər fotoaparatla şəkillər çəkilir. Amma heç kim öz ayranına turş demir. Hər kəs deyir ki, ən gözəlini mən çəkmişəm.

- Fotosunu çəkmək istədiyiniz, lakin hələ də reallaşdıra bilmədiyiniz kimsə var?

- Mən çox şəxsiyyətlərlə işləmişəm. Rəhmətlik Müslüm Maqomayevdən Maqsud İbrahimbəyova qədər lentə almışam.

Rəhmətlik Fuad Poladovla son görüşümüzdə dedim ki, oturaq, fotolarını çəkim. Etiraz etdi ki, əşi, neynləyirsən axı? Dedim, sən elə bir simasan ki, portretin gələcəkdə hamıya lazım olacaq. Doğrudur, məndən qabaq çəkənlər də olub, gözəl fotoları var. Amma mən özüm onu təsəvvür etdiyim kimi görmək istərdim. Amma razılaşmadı...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər