“Davran”da Azərbaycan
Ötən yazılarımızda azərbaycanlı mühacirlərin Türkiyədə 1930-1960-cı illərdə çıxan türkçü, millətçi dərgilərlə əməkdaşlıqlarından bəhs etmişdik.
“Gökbörü”, “Ergenekon”, “Türk yurdu”, “Qızıl alma”, “Çınaraltı”, “Qopuz” və s. dərgilərdə azərbaycanlı müəlliflərin məqalə və şeirlərinin siyahısını hazırlamışdıq. Xüsusilə də, Türkiyədə aşırı millətçi camiəyə yaxınlığı ilə tanınan Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Məhəmmədsadıq Aranın, Almas İldırımın, Məhəmməd Altunbayın və digərlərinin müxtəlif yazı və şeirlərindən nümunələr göstərmişdik. Bu dəfə isə Türkiyədə 15 aprel 1948-ci ildə işıq üzü görmüş “Davran” adlı dərgidə Azərbaycanla bağlı və azərbaycanlı müəlliflərin yazılarından söz açacağıq.
“Davran” dərgisi
Ankaradakı milli kitabxanada dərginin 11 sayına təsadüf etdik. İlk sayda verilən məlumatlardan bəlli olur ki, jurnalın imtiyaz sahibi və yazı işləri müdiri Əziz Sarıoğlu adlı şəxs olub. Jurnal Kayseri şəhərində Erciyes mətbəəsində basılıb. Rəsmi ünvanı belə olub: Kaleönü. Eskicilerbaşı No: 7. Üz səhifədə dərginin 15 gündən bir çıxacağı qeyd edilib. Sonrakı sayılarda ayda bir dəfə çap olunduğu yazılıb. İlk sayın başlığında “Türk, öyün, çalış, güvən. Sən, mən yoxuq, biz varıq” şüarı qeyd edilib.
Jurnal kommunizmlə mücadilə və türkçülük fikrinin yayılması məqsədilə nəşr olunduğunu bildirib. Türkçülükdə Ziya Gökalpın, siyasətdə Mustafa Kamal Atatürkün yolunu təqib edəcəkləri qeyd olunub.
Digər jurnallardan fərqli olaraq bu dərgi Kayseridə çıxdığı üçün Azərbaycan mövzusu kifayət qədər yer almayıb.
Dərginin 4-cü sayında (30 may 1948) A.Z. Hızaloğlunun “Qardaş Azərbaycan bundan 30 il əvvəl istiqlalına qovuşmuşdu” adlı məqaləsi dərc edilib. Müəllif Cümhuriyyət haqqında yazıb: “28 mayda qurulan Azərbaycan Cümhuriyyəti istiqlalına candan bağlı tam bir varlıq olmağı və digər Türk dövlətləri ilə yaxından əlaqə qurmağı özünə məqsəd seçmişdi. Türklük idealından əsla ayrılmayan yeni dövlət gücünün çatdığı qədər Türkiyəyə, 11 may 1918-də istiqlalını elan edən Quzey Qafqaza və bütün Türküstana yardım əlini uzatmışdı”.
Jurnalın 30 avqust 1948-ci ildə çıxan və “Zəfər bayramı”na həsr edilən 8-ci sayında Məhəmmədsadıq Aranın “Vəhşət xəbərləri” adlı məqaləsinin birinci hissəsi işıq üzü görüb.
Dərginin 9-cu sayında (1 noyabr 1948) Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlunun “Kürşad” jurnalı üçün yazdığı “Milliyyətçi fikirlərin birləşmə zamanı gəlmişdir” adlı məqaləsi eynilə dərc edilib. Səməd bəy bu yazısında atasından, atasının müasirləri olan Ziya Gökalp, Həmdullah Sübhi, Yusuf Akçura kimi klassik türkçülərdən bəhs etdikdən sonra türkçülüyün bu günü haqqında yazıb: “Türkçülük fikrini türk millətinin bir inkişaf planı halında həyata keçirməsək, o zamanla son illərdə olduğu kimi imperializmdən irqçiliyə qədər bir sıra qarayaxmaya və ittihama məruz qalacaqdır”.
Bu sayda Məhəmmədsadıq Aranın “Vəhşət xəbərləri” məqaləsinin ikinci hissəsi, “Sənan” imzası ilə “Qanlı nisana” adlı şeiri dərc edilib.
Jurnalın 10-cu sayında (1 noyabr 1948) Məhəmmədsadıq Aranın “Vəhşət xəbərləri” məqaləsinin üçüncü hissəsi dərc edilib. Bu hissədə Aran bolşevik Rusiyasının türk xalqına qarşı həyata keçirdiyi terroru lənətləyərək yazırdı: “Mən millətimin çəkdiyi bu acı iztirabların ağır məsuliyyətini təkcə Rusiyada görmürəm. Ruslar artıq məzalim, vəhşət, talan və qətliam kimi şeylərin professional sənətkarı olublar. Onlar üçün utanacaq üz qalmamışdır. Əsl sualım bəşəri hüquqları vəz etmiş olan və bu gün də onun hamisi sifətini daşıyan mədəni dünyaya yönəlibdir. Onlar rusların məzlum millətlərdən talan etdiyi, oğurladığı, öldürüb soyduğu qanlı köynəklərin müştəriləri, hərraca çıxarılmış oğurluq malların rəqabət aparan alıcılarıdırlar”.
Dərginin bu sayında azərbaycanlı mühacir pilot Məhəmməd Altunbayın “Bolşevik cəhənnəminin iç üzü. Zülm, aclıq, səfalət və ölüm!” adlı xatirə xarakterli məqaləsi dərc edilib. Həmçinin bu sayda Aranın “İranda türklərə qarşı edilən məzalim” adlı yazısı işıq üzü görüb. Müəllif yazısında xarici qəzetlərə istinadən İranda türklərə yönəlik işgəncələri Türkiyə ictimaiyyətinə çatdırıb.
Jurnalın 11-ci sayında (1 dekabr 1948) Məhəmmədsadıq Aranın “Sənan” imzası ilə “Vicdanın səsi” adlı şeiri dərc edilib. Dörd bənddən ibarət şeir Aranın gənclərə tövsiyəsindən ibarətdir:
Həyatda suç dolu yolları seçmə,
Suç bir uçurumdur, oradan keçmə,
Suç iksir də olsa, bir qurtum içmə..
Ehtirasa uyma, gerçək adam ol!
Yenə bu sayda Aranın “İranda türklərə qarşı edilən məzalim” adlı məqaləsinin davamı işıq üzü görüb. Məqaləsində Aran İranda aclığa, səfalətə, həbsə, işgəncəyə, təcavüzə məruz qalan azərbaycanlı, türk əsirlərdən bəhs edib. İsfahanda, Sultanabadda, Hunsarda bu faciəyə şahidlik edən şəxsin xatirələrini verib:
“Bu mədəniyyət əsrində müdafiəsiz bir insan topluluğuna öz hökuməti (!) tərəfindən icad edilən bu faciə səhnələri orta əsr fatehlərinin əsirlərə qarşı etdikləri rəftarı canlandırırdı. Sürgün, əsir qafilələrinin önündə və arxasında süngülü mühafizlər vardı. Hər qafilə bir şəhərə varid olduğu zaman o şəhərin zənginləri, ağaları, rəsmi idarə rəisləri avtobus dayanacaqlarında, qaraj qapılarında onları gözləyirdilər.
Bu əsir qızlar və qadınlar avtobusdan enmədən əsrarkeş farsların şəhvətdolu gözləri onları təqib edir və ovlarını ələ keçirmək və bölüşmək üçün maşına doğru qaçırdılar. Bu həzin mənzərə orta əsrlərin cariyə və əsir ticarətini xatırladırdı. Mən İsfahanda Şapur caddəsində İran qarajının önündə belə canyandıran hadisənin şahidi oldum. Orada İsfahanın zənginləri, ağaları, rəsmi dairə müdirləri və hotel sahibləri toplanmışdılar. Onların gözləri şəhvət qığılcımları saçırdı. Əsir türk qafilələri oraya çatar-çatmaz onları qarşılayaraq bu canlı ölüləri süzməyə və yoxlamağa başladılar. Onlar gözəl qadın və qızları “xidmətçi” adı ilə seçirdilər, bir cariyə simsarlığı edən əmniyyət (!) məmurları da insanlığa yaraşmayan bu çirkin rəftarda onlara yardım edirdilər”.
Bu sayda Məhəmməd Altunbayın “Bolşevik cəhənnəminin iç üzü. Zülm, aclıq, səfalət və ölüm!” adlı məqaləsinin davamı dərc edilib. Bu yazısında Altunbay Bakıda şahidi olduğu dəhşətli hadisədən bəhs edib: “1932-ci ildə Bakıda və Rostovda hər gün küçələrdən bir çox uşaqlar qeyb olurdu. Aylarla davam edən bu vəziyyətin qarşısını almaq olmurdu. Nəhayət, bir gün evində şorba bişirən bir qadının ətindən insan dırnağı çıxmış və hadisə dərhal polisə bildirilmişdi. Polisin əməliyyatı nəticəsində məlum olmuşdu ki, uzun müddətdən bəri bir çox qəssab dükanlarında insan əti satılırmış”.
Jurnalın sonuncu hesab etdiyimiz 11-ci sayı 1 dekabr 1948-ci ildə işıq üzü görüb.