“Uzun müddət torpaqları işğal altında olan, ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar və BMT-yə üzv dövlətlər tərəfindən tanınan Azərbaycan üçün gözlənilməz vəziyyət yaranıb. Bunun gözlənilməzliyi ondan ibarətdir ki, Cənubi Qafqazda status-kvonu tamamilə dəyişdirən, BMT-nin 4 qətnaməsini ordusu vasitəsilə reallaşdıran bir ölkə öz suveren ərazi hüquqlarını bərpa etmək məqsədilə sivil mübarizə metodlarına əl atır. Ancaq görün ki, bu sivil mübarizə metodları-ictimaiyyət nümayəndələrinin etirazlarının BMT və müəyyən mənada Avropa İttifaqı tərəfindən tənqid hədəfinə tuş gəlməsi əsl təəccüb doğurur”.
Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.
Mütəxəssis qeyd edib ki, Ukraynada bu ölkənin ərazi bütövlüyünü təmin etmək məqsədilə Kiyevə kifayət qədər siyasi və hərbi dəstək nümayiş etdirən ABŞ və Avropa dövlətləri Azərbaycanın haqq işində fərqli mövqe ortaya qoyurlar:
“Əslində bu ölkələri xristian ölkələri də adlandırmaq mümkündür. Beləcə Ukraynada Ukraynanın, eyni zamanda ədalətin xeyrinə həssas davrana bilirlər. Amma eyni vəziyyətin yarandığı Cənubi Qafqazda, ələlxüsus Azərbaycana gəldikdə subyektiv yanaşma ortaya qoyur, bunu sərgiləyə bilirlər. Belə çıxır ki, məsələyə təkcə ikilistandartdan yanaşmırlar. Burada islamafobiya, anti-türk amilləri də ola bilər. Nə qədər humanitar addım altında, humanist yanaşma forması ilə məsələləri yoluna qoymağa çalışsalar da, bu reaksiya gerçəkliyi əks etdirmir. Azərbaycanın suverenliyinə münasibətdə qeyri-obyektiv yanaşmanı ortaya çıxarır”.
Qabil Hüseyni vurğulayıb ki, dünya Qarabağ məsələsində ədalətin və hüququn yanında olmalıdır:
"Ona görə, ədalətin yanında omayan tərəf gec-tez bunun bədəlini ödəməli olacaq”.