Bu gün Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında daha kamil ifadələri işlədə bilirik. Ümummilli Lider Heydər Əliyevin qurduğu Azərbaycan daha güclü dövlət olub. Zaman keçdikcə Azərbaycan xalqının Heydər Əliyevin xidmətlərinə verdiyi qiymət daha kamil olacaq. Ulu Öndərin qurduğu Azərbaycan dünya birliyində daha yüksək mövqeyə malik olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, Heydər Əliyev bu gün müasir Azərbaycan tarixinin ən əhəmiyyətli tarixi şəxsiyyətlərindəndir.
"Heydər Əliyevin tarixin siyasi səhnəsinə gəlməsi ilə üzərinə çox mühüm vəzifələr qoyulmuşdu. Ulu Öndər bu vəzifənin əhəmiyyəti ilə yanaşı məsuliyyətini də dərk edirdi. O, xalqın gözləntilərini müvəffəqiyyətlə yerinə yetirə bildi. Sovetlər İttifaqının ən parlaq respublika rəhbərlərindən biri kimi özünü doğrultdu Heydər Əliyev Azərbaycan tarixində yerini heç kimə verməyən amillərindən biri olaraq yaşayır. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var", - deyə Əli Əhmədov bildirib.