Bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq. 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.
İmtahanda 22146 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.