8 İyul 2023 23:59
5 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın, Xaçmaz və Cəlilabad şöbələrində də əməliyyat keçirib. Nəticədə Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Ağayev Rahim Əlifağa oğlu, Laçın hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Ramil Həsənov qanunsuz əməlləri ifşa olunduğuna görə həbs ediliblər.

"Qaynarinfo" sözügedən məsələnin gündəmdə olmasını nəzərə alaraq, Azərbaycanda hərbi komissarların siyahısını hazırlayıb.

Məlum olub ki, bir general-mayor, 22 polkovnik, 38 polkovnik-leytenant (biri həbs edilib), 14 mayor Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə rəhbərlik edir.

Deyilir ki, yaxın vaxtlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri birləşdiriləcək və regional şöbələr yaradılacaq. Bununla da hərbi komissarların sayı kəskin azalacaq.

Teleqraf.com xatırladır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi bir neçə ay öncə dəyişib. Prezidentin 17 aprel 2023-cü il tarixli sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün dövrlərdə rüşvət yuvası kimi ad çıxarıb. Bundan öncəki strukturda vəziyyət daha acınacaqlı olub. Sovet dövründən “Voenkomat” adlandırılan hərbi komissarlıq sistemində şəffaflıq yaratmaq, qanunun tələblərinin həyata keçməsini təmin etmək ya mümkün olmayıb, ya da çox az mümkün olub.

Azərbaycanın ən məşhur hərbi komissarı Əliağa Hüseynov idi. Onun dövründə sistemdə tam bir özbaşınalıq hökm sürüb. O, 1998-2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı vəzifəsini icra edib. Mətbuatda həmin dövrdə baş verən qanunsuzluqlar, rüşvət halları, korrupsiya faktları ilə bağlı səs-küylü məqalələr, araşdırmalar dərc edilib.

2012-ci ildə bu sahədə islahat aparılaraq qurumun adı və rəhbəri dəyişdirildi. Arzu Rəhimov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunmuşdu. O da sələfi Əliağa Hüseynov kimi 11 il bu sahəyə rəhbərlik edib.

Arzu Rəhimov mətbuatda ən çox hədəfə gələn məmurlardan olub. Onun fəaliyyəti zaman-zaman medianın süzgəcindən keçirilib.

Hazırda həbs edilən HXÇDX rəisləri Arzu Rəhimova yaxın şəxslərdir. Mənbəmiz bildirir ki, bu həbslər A.Rəhimovu da narahat edir və saxlanılan sabiq rəislərin ifadələrində generalın adının keçəcəyi istisna edilmir. Bu da daha geniş araşdırmalara səbəb ola bilər.

HXÇDX-nın yeni rəisi Mürsəl İbrahimov sistemdə şəffaflıq yaratmaq üçün ciddi fəaliyyətə başlayıb. Səfərbərlik rəhbərliyi araşdırma nəticəsində ciddi nöqsanlar aşkarlayıb və hüquq mühafizə orqanları ilə birlikdə bu əməliyyat keçirilib.

Globalinfo.az-a verilən məlumata görə, o, heç bir yerdən xahiş, tapşırıq qəbul etmir. Ölkə rəhbərinin qarşıya qoyduğu tələbləri qüsursuz yerinə yetirmək üçün var gücü ilə işləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər