Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları “The Economist Events” tərəfindən təşkil olunan Azərbaycan İnvestisiya Forumunda iştirak etmək üçün bu ilin mart ayında Bakıda toplaşacaq.
Teleqraf.com-un məlumatına görə, forum “The Economist” jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi altında keçəcək və Azərbaycanın neft iqtisadiyyatının diversifikasiyası imkanları və ölkənin idman, təhsil və incəsənət regional mərkəzə çevrilməsi yolları üzrə aparıcı dövlət xadimlərinin məruzələri ilə işə başlayacaq.
Forum çərçivəsində Bakıda keçiriləcək Avropa Oyunları-2015, həmçinin bu layihəyə yatırılan iri investisiyalardan sonra qalacaq irs məsələləri, bu cür iri tədbirə ev sahiblik edən ölkənin nüfuzunun vacibliyinə həsr olunmuş məruzə ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edəcək.
Forumda enerji sektoru, neft iqtisadiyyatı, innovasiyalar, sahibkarlıq və diversifikasiya, rəqəmsal əsr, milli artımı təmin etmək üçün təhsil və tədris, idman tədbirləri, qeyri-neft sektorunun payının artırılması mövzuları müzakirə olunacaq. Azərbaycan İnvestisiya Forumu 2015-ci ilin martın 17-də Bakının “Four Seasons” hotelində “The Economist Events”in təşkilatçılığı ilə keçiriləcək.
Naibə QURBANOVA