Bu gün Şuşa rayonuna məxsus, lakin ermənilərin kompakt yaşadığı Daşaltı kəndinə Azərbaycan tərəfinin həyata keçirdiyi əməliyyatdan 23 il ötür.
Teleqraf.com-un məlumatına görə, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.
Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.
Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
BƏXTİYAR