5 iyun Ümumdünya Ətraf Mühit Gününün keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafla bağlı maarifləndirməni artırmaq, insanları ətraf mühitin qorunması üçün tədbirlər görməyə təşviq etməkdir.
Teleqraf.com xəbər verir ki,bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
S.Məmmədova hər il fərqli devizlər altında müxtəlif tədbirlər, kampaniyalar və fəaliyyətlərlə qeyd olunan Ümumdünya Ətraf Mühit Gününün bu il “Bizim torpağımız. Bizim gələcəyimiz” devizi ilə qeyd olunduğunu bildirib.
“Bu günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və mümkün qədər çox insanı bu istiqamətdə hərəkətə keçməyə sövq etmək üçün nəzərdə tutulub”.
Şöbə müdiri ölkəmizdə ekoloji maarifləndirmə sahəsində müxtəlif təbliğat işlərinin aparıldığını və ictimaiyyətin bu sahədə getdikcə daha fəal iştirakını da vurğulayıb.
“Təşkil etdiyimiz müxtəlif ağacəkmə tədbirləri, tullantıların düzgün idarə olunmasına yönəlmiş “Tullantıları tinglərə dəyiş”, “Tullantıları ekoçantaya dəyiş”, “Batareyaları təhvil ver, təbiəti qoru”, “Təmiz ölkəm” aksiyaları kimi layihələr vətəndaşların, eyni zamanda dövlət və özəl qurumların marağına səbəb olur, cəmiyyətdə təbiətə töhfə vermək istəyənlərin sayının günbəgün artdığı görülür. Həmçinin məktəblilər, tələbələr, könüllülərlə aktiv iş aparılır, gənc nəslin ekoloji biliklərinin formalaşmasına təsir göstərmək, ətraf mühit sahəsində məlumatlılıqlarını artırmaq və bu sahədə onlarda məsuliyyət hissini aşılamaq məqsədilə görüşlər, təlimlər, konfranslar təşkil edilir”.
S.Məmmədovanın sözlərinə görə, Nazirliyin ekokönüllülər komandası ətraf mühitin mühafizəsi sahəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edərək ekoloji maarifləndirmə sahəsində əvəzsiz rol oynayır.
Nazirlik nümayəndəsi artıq 1 aydır start verilən “Təmiz ölkəm” təmizlik aksiyaları zamanı xeyli sayda tullantılarla çirklənmiş ərazilərin şahidi olduğunu və bu vəziyyəti laqeyd vətəndaşların yaratdığını təəssüflə vurğulayıb.
S.Məmmədova hər kəsi təbiət komplekslərinin – torpağın, dənizin, çayların, meşələrin təmiz qalmasına səy göstərməyə, öz məsuliyyəti çərçivəsində ətraf mühiti böyük bəşəri problemə çevrilən çirklənmədən qorumağa çağırıb.