2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsini zəruri etmişdir. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilmiş, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olacağı proqnozlaşdırılır. Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarının artımını şərtləndirir. Bunu nəzərə alaraq, Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək mövcud 3.387,1 milyon manatdan 190,0 milyon manat artırılaraq 3.577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur. Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25,0 milyon manat artılaraq 6500,0 milyon manatdan 6525,0 milyon manata çatdırılması təklif olunur. Bununla yanaşı Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5,0 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılmış, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30,0 min manat artırılmışdır. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcək. Beləliklə, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılıb".
Komitə sədri bildirib ki, DSMF büdcəsinin 2024 cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq 6.949.860 min manat təşkil edəcək:
“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsinə dair İşsizlikdən sığorta fondunun 2023-cü il və cari ilin 4 ayı üzrə büdcə gəlirlərinin icra göstəricilərinin təhlilinə əsasən ilin sonuna işsizlikdən sığorta haqları üzrə mədaxillərin artımı gözlənilir. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsində işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur. Artım qeyri-büdcə sektoru üzrə sığorta haqları hesabına baş verəcəkdir. Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından, 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış hissəsi 57 953 200,0 manatdan 53 253 200,0 manata və ya 4 700 000,0 manat azaldılmışdır. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihələri ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir, işsizlikdən sığota və sosial müdafiə sisteminin daha da dayanaqlı olması üçün etibarlı təminat yaradacaqdır. Son olaraq DSMF və İşsizlikdən Sığorta Fondunun dürüstləşdirilmiş büdcəsinin hazırlanmasında əməyi olan hər kəsə, o cümlədən büdcə layihəsinə dair geniş və ətraflı təhlilə əsaslana rəy vermiş Hesablama Palatasına minnətdarlığımızı bildiririk”.