17 İyun 10:29
2 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

1989-cu ildə Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanı olan “Azərbaycan” qəzeti işıq üzü görüb. SSRİ-nin dağıldığı dövrdə fəaliyyətə başlayan qəzetdə günümüz üçün də aktual olan maraqlı müsahibələr, məlumatlar vardır. Qəzetin arxivinə nəzər salarkən unudulmuş bəzi bilgilərin təkrarlanmasına ehtiyac gördüm.

Firudin Şuşalı: “Qarabağsız Azərbaycan təsəvvür etmək çətindir”

1989-cu ilin sonunda musiqişünas Firudin Şuşinski (qəzetdə Şuşalı) “Azərbaycan”a
müsahibə verib. O, müsahibəsinin girişində “Dağlıq Qarabağ” ifadəsinə qarşı olduğunu bildirib: “”Dağlıq Qarabağ” ifadəsi ilə razı deyiləm. Dədə-babadan eşitmişik ki, Qarabağın yuxarısı olub, aşağısı olub, dağı olub, aranı olub. Dağ aransız, aran da dağsız yaşaya bilməz. Keçmişdə Şuşaya çıxanda deyərdilər: Qalaya gedirəm. Bərdəyə, Ağcabədiyə, Ovlağa gedəndə isə deyərdilər: Arana gedirəm. İstər aran, istərsə də dağlıq hissə Azərbaycan ərazisinin ayrılmaz hissəsidir. Qarabağsız Azərbaycan təsəvvür etmək çətindir... 1920-ci ilin Novruz bayramı axşamı (martın 21-də) Şuşada milli qırğın oldu. Üç gün davam edən bu milli qırğın nəticəsində Qafqazın Parisi adlanan bu gözəl şəhər yandırıldı, 45 min nəfərlik əhali pərən-pərən salındı. Məgər, bütün bunlar genosid deyilmi?!”

Firudin bəy müsahibəsində Şuşanın, Qarabağın tarixi ilə bağlı mühüm məlumatlar verib, Ermənistandan qovulan qaçqınların Laçın, Şuşa, Ağdam və ətraf ərazilərə yerləşdirilməməsini ozamankı hökumətin kobud səhvi hesab edib.

Fərman Kərimzadə: “Meğri rayonunun Nüvədi kəndində olduq”

Qəzetin 3 avqust 1990-cı il sayında yazıçı Fərman Kərimzadənin son müsahibəsi dərc olunub. Bir müddət əvvəl alınmış müsahibə müəyyən səbəbdən gec dərc edilib. Kərimzadə Ermənistandan qovulan azərbaycanlıların taleyi ilə bağlı məlumat verib, yardım qərargahlarının həmin insanlara göstərdikləri dəstəyin miqdarından bəhs edib. Fərman müəllim eyni zamanda qərbi azərbaycanlıların yaşadıqları bölgələrə səfəri ilə bağlı məlumatlandırıb: “Biz elə bu günlərdə Meğri rayonunun Nüvədi kəndində olduq. O kənddə 1500-ə qədər əhali var. Onların ata-baba yurdlarından ayrılmaq fikirləri yoxdur. Orta məktəbin direktoru Cəlal müəllim bizi gəzdirdi və o dağlardakı yerləri bir-bir göstərdi ki, bura Xətai yeridi, bura Hüseyn bəy çəmənliyidi, bura Babək qəbridi, bura Soltan Səlim qalasıdı. Görürsünüzmü, hərəsi bir tarixdi bunlar. Qoyub gəlməkmi olar?”.

Allahverdi Bağırov: “Heç birimizin ağlına gəlməzdi ki...”

“Azərbaycan”ın 20 may 1992-ci il tarixli sayında milli qəhrəman Allahverdi Bağırovdan alınmış qısa müsahibə var. AXC Ağdam Rayon Şöbəsi icra qrupunun sədri kimliyi ilə verdiyi müsahibəsində o bildirib: “1988-ci ilin fevralına qədər heç birimizin ağlına gəlməzdi ki, öz daimi peşəmizdən əl çəkib xalqımızın azadlığı uğrunda mübarizəyə qoşulacağıq. Bu, zamanın tələbidir. Torpaqlarımızın əldən getdiyi, Azərbaycanın müstəqillik əldə etməsi üçün real şərait yarandığı bir dövrdə bu hadisələrə biganə qala bilməməyimiz bizi xalqımızın azadlıq bayrağını uca tutmağa çalışan övladların cərgəsinə çəkib gətirdi... Bu mübarizədə bir düşmənimiz var – arxasını Moskvaya, Vaşinqtona bağlayan erməni quldurları. Məqsədimiz də birdir – Azərbaycan torpaqlarını erməni quldurlarından azad etmək. Bu gün qüvvələrimiz həmin müqəddəs amal uğrunda birləşmişdir... Girovlarımızı ermənilərdən sağ-salamat alıb əzizlərinə qovuşduranda özümüzü dünyanın ən xoşbəxt adamı saymışıq”.

Allahverdi Bağırov “Xocalı faciəsində kimləri günahkar hesab edirsiniz?” sualına belə cavab verib: “Xocalı faciəsindən sonra bu sual hamını düşündürür və hamı günahkarı öz aramızda axtarır. Faciənin əsl günahkarları hamımıza yaxşı məlumdur. Bu faciəni törədən rus əsgərlərinin himayə etdiyi muzdlu erməni quldurlarıdır... Əsl cavablar Ali Sovetin deputat komissiyası və respublikanın hüquq-mühafizə orqanları tərəfindən verilməli, baş alıb gedən şübhəli şayiələrdən xalqın canı qurtarmalıdır”. 7 may 1992-ci ildə Ağdamda baş tutan müsahibənin sonunda Bağırov sanki yaxın gələcəyi görüb: “Qarşıda ölüm-dirim mübarizəsi var, sağ qalsaq, qalib gəlsək, harada görüşsək, orada da müsahibə verəcəyik”. Bu müsahibədən bir ay sonra – 12 iyun 1992-ci ildə Allahverdi bəy Xocalı rayonunda şəhid olub. Onun dediyi ölüm-dirim mübarizəsi 2020-ci ildə başladı və ordumuzun qəhrəmanlığı sayəsində Qarabağ işğaldan azad edildi, onun da ruhu rahatlıq tapdı.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər