27 İyun 18:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2024-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Bakı Regional Mərkəzi tərəfindən “Rayon (şəhər) Fövqəladə hallar komissiyalarının üzvləri” və “Obyekt Fövqəladə hallar komissiyalarının sədrləri”, Sumqayıt Regional Mərkəzi tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərləri” və “Mühəndis, radiasiya və kimya kəşfiyyat manqalarının komandirləri”, Gəncə Regional Mərkəzi tərəfindən “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, “Rabitə manqalarının komandirləri” və “Yanğınsöndürmə manqa komandirləri”, Aran Regional Mərkəzi tərəfindən “Rabitə manqalarının komandirləri”, Şimal Regional Mərkəzi tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” və “Yanğınsöndürmə manqa komandirləri”, Cənub Regional Mərkəzi tərəfindən “Kəşfiyyat manqalarının komandirləri”, Muğan Regional Mərkəzi tərəfindən “Rabitə manqalarının komandirləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən isə “Yanğınsöndürmə manqa komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.


Müəllif: Teleqraf.com