3 İyul 15:41
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətlərinin yenilənməsinə qərar verib.

Teleqraf.com quruma istinadən xəbər verir ki, bu işlər noyabrda Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar icra edilir.

Ötən müddətdə paytaxtın 18 küçə və prospektində qəzalı vəziyyətdə olan mövcud su və kanalizasiya sistemlərinin dəyişdirilməsinə başlanılıb. İndiyə qədər bu sahədə işlərin böyük hissəsi icra edilib və bəzi ünvanlarda layihələrin icrasına hazırlıq görülür. Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospektində uzun illər istismar olunaraq qəzalı vəziyyətə düşmüş su və kanalizasiya xətlərinin dəyişdirilməsi intensiv qaydada davam etdirilir.

Hazırda dəyişdirilən su kəmərləri uzun müddət istismar olunduğuna görə tez-tez qəzalar baş verirdi və bu qəzalar nəticəsində əhalinin su təminatında fasilələr yaranırdı. 8 Noyabr prospektinin Nizami parkından Corat küçəsinə qədər olan hissəsində 2,8 km su xəttinin inşası yekunlaşmaq üzrədir. Eyni zamanda Əbilov küçəsi ilə kəsişmədən başlayaraq 8 Noyabr prospektinin sonuna qədər 600 metr magistral su xəttinin tikintisi yekunlaşıb və şəbəkəyə qoşulma işləri aparılır. Yeni su xətlərinin çəkilməsi magistral su kəmərlərində qəza hallarının aradan qaldırlıması ilə yanaşı, ətraf ərazilərin içməli su təchizatını yaxşılaşdıracaq.

Hazırlıq tədbirləri çərçivəsində 8 Noyabr prospektindən keçən kanalizasiya kollektorunun da qəzalı hissəsi dəyişdirilib. Bu məqsədlə Zığ nasos stansiyasından Nargilə dairəsinə qədər 1200 mm diametrli borularla 700 metr uzunluğunda yeni kollektor inşa edilib. Tədbirlər Planında nəzərdə tutulan işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər