21 Avqust 15:25
4 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Azərbaycanda ali məktəblərdə qəbulun nəticələri açıqlanacaq. Qəbul olduqları üçün sevinən bəzi tələbələrə “O qədər də sevinmə, onsuz da iş tapa bilməyəcəksən” dəyənlər də olacaq. Ekspertlərin fikrincə, Azərbaycanda İT sektorunda çalışan və kənd təsərrüfatı ilə bağlı mütəxəssislərə indi ciddi ehtiyac var.

Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, universitetlərdə əmək bazarına uyğun kadrların hazırlanması sahəsində problemlər mövcuddur. Köhnədən qalan və müasir tələblərə cavab verməyən ixtisaslar hələ də var.

Azərbaycanda əmək bazarının tələblərinə uyğun kadr hazırlanırmı? İş tapılmayan ixtisaslar ləğv edilməlidirmi?

Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli mövzu ilə bağlı Teleqraf.com-a bu sözləri deyib:

“Bəzi fikirlərə görə, əmək bazarında bir sıra ixtisaslara uyğun iş tapılmır. Mən bunun əksini düşünürəm. Bəlkə biz məzunlarımızı əmək bazarına uyğun hazırlamadığımız üçün onlar iş tapa bilmirlər? Biz onları iş axtaran kimi deyil, quran kimi yetişdirməliyik. Doğrudur ki, əksər məzunlar oxuduqları ixtisasda çalışmırlar. Məsələ ondan ibarət deyil ki, onlar işləmək məcburiyyətindədirlər. Bakalavr səviyyəsində təhsil o demək deyil ki, artıq həmin sahədə peşəkarsan. Tələbə olduqları müddətdə öz üzərilərində işləməli, müasir bilik, bacarılqları öyrənməlidirlər. Universitetlər bunu tam qarşılaya bilmirlər. Bu baxımdan düşünürəm ki, lazımsız ixtisas yoxdur”.

Vüsal Kərimli hesab edir ki, əmək bazarının tələbləri doğru-dürüst öyrənilmir:

“Kadrların hazırlanması üçün biz tədris pqoqramına diqqət yetirilməlidir. Əmək bazarının tələbləbləri reallığı əks etdirəcək formada öyrənilməlidir. Niyə biz məzunlarımızı iş axtaran kimi yetişdiririk? Artıq dünyada, inkişaf etmiş ölkələrdə fərqlı mənzərə var. Düşünülür, necə edək ki, tələbələrimiz məzun olduqdan sonra iş sahibi olsunlar, iş qursunlar.

Biz tələbələri təkcə müəyyən ixtisaslara hazırlamamalıyıq. Həm də həyata hazırlamalıyıq. Peşə hazırlığına diqqət etməliyik. “Hansı ixtisaslar lazımsızdır” fikrinin üzərinə o qədər də getməyək. Ta qədimdən humanitar elmlərdə təhsil alanlarlar varlı insanların övladları olublar. Çünki bu sahədə qazanc yoxdur. Bir fəlsəfəçi nə qədər pul qazana bilər? Beynəlxalq münasibətlər oxumaqla diplomat olunmur. Bu, bütün dünyanın problemidir. Çünki insanların ümumi bilik göstəriciləri dünya üzrə aşağı düşüb.

İnsanlar dəqiq elmlərə deyil, daha asan humanitar elmlərə yönəliblər. Bu yönəlmə təhsil bazarına, təhsil biznesi sektoruna təsir edir. Diqqət edin faizlərə l,ll, IV qruplara ayrılan dövlət sifarişli yerlərin sayı daha çoxdur. Humanit elmlərə o qədər də pul ayrılmır. Əksinə daha çox dəqiq elmlərə dövlət sifarişli yer ayrılır. Həmçinin V qrupa da o qədər çox pul ayrılmır. Dizayn, musiqi dövlətin prioritetidir. Amma o qədər də əsas prioriteti deyil. Yaxşı mühəndisə, həkimə aqronoma iqtisadçıya dövlət daha çox ehtiyac duyur. Azərbaycan Dövlət Aqrar Universitetinin əksər ixtisasları dövlət sifarişlidir. Bunlar hamısı bu sahəyə kadr yetişdirilməsinə yönəlib”.

Ekspert iş az olan ixtisaslara niyə universitetlərdə yer ayrıldığına da aydınlıq gətirib:

“Ill qrupda daha çox rəqabət var. Çünki asandır. İnsanlarımız Riyaziyyatı, Fizikanı oxumaqdan qaçırlar. Bu, tək Azərbaycanda deyil, dünyada belədir. Təhsil müəssisəsi biznes sektoru olaraq pul gətirən sahələrə yer ayırır. İxtisasların olması o mənaya gəlmir ki, əmək bazarında ona tələbat var. Sadəcə asan olduğu üçün o ixtisasları seçənlər çoxdur.

İkinci qrupa boş qalan yerlərin sayı çox olacaq. 5 il əvvəllə müqayisə edəndə görürük ki, birinci qrupa daha çox üstünlük verilir. Müraciət edənlərin sayı getdikcə artır. Bu, yaxşı tendensiyadır. Çünki bizdə bu sahələrə önəm verilmirdi. Vaxt var idi ki, bəzi ixtisaslara qəbul ən yaxşı halda 150-200 bal arasında idi. Artıq bir neçə universitetin bu sahədə doğru strategiyası ilə 500- 600 bal üzərində tələb yaranıb. Bu, çox yaxşı naliyyətdir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər