23 Sentyabr 20:07
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları artmaqdadır. Azərbaycanlılar arasında da belə əməliyyatı etdirənlərin sayı az deyil. Bu zaman müəyyən kliniki prosedurlarla kişinin qadına, qadının kişiyə dəyişdirilməsi icra olunur. İddialara görə, Bakıda “Buta” Klinikasında cinsiyyətin dəyişdirilməsi əməliyyatları edilir.

Teleqraf.com məsələ ilə bağlı adıçəkilən klinika ilə əlaqə saxlayıb.

Klinikadan iddianın tamam yanlış olduğu, burada heç vaxt belə prosedurların həyata keçirilmədiyi bildirilib: “Ölkədə bu əməliyyatlara icazə yoxdur, bizdə belə əməliyyat heç vaxt edilməyib”.

Klinikanın uroloq-androloqu Araz Bayramovun asistenti deyilənləri təkzib etməyə çalışıb: “Beş ildir bu klinikada çalışıram. Belə əməliyyatla qarşılaşmamışam. Həkim heç vaxt belə əməliyyat etməyib”.

"Buta" iddiaları təkzib edib, amma ölkədə cinsiyyət dəyişikliyi edənlərin olduğu məlumdur. Maraqlıdır, bu məsələlər hüquqi baxımdan necə tənzimlənir? Сinsini dəyişdirən şəxslərin şəxsiyyət vəsiqələrinə dəyişiklik olunurmu?

Suallarımıza cavab tapmaq üçün hüquqşünas Fərhad Mehdiyev ilə əlaqə saxladıq. O bildirdi ki, Azərbaycanda cins dəyişikliyini hüquqi üsulla tənzimləyən qanun mövcud deyil:

“Cinsiyyətlə bağlı müəyyən hüquqi fərqlərin olduğu sirr deyil. Qadınların qanunla hərbi mükəlləfiyyət öhdəliyi yoxdur, amma kişilərin var. Cins dəyişikliyi zamanı bunları tənzimləyən qanun yoxdur. Əlbəttə, bu şəxslər başqa cinsiyyətdə olduqlarına görə qeydiyyata düşmək üçün müraciət etməlidirlər.

Elə insanlar var ki, anadangəlmə ikicinsiyyətlidirlər. Sonra özünü hansı cinsiyyətə daha yaxın hiss edirsə, ciddi müdaxilələrlə özünü o hala gətirir. Cinsiyyət dəyişikliyi edənləri qeydiyyata almaq olar. Düzdür, bu, mürəkkəb məsələdir. Bunun tənzimlənməsi artıq dövlət siyasəti məsələsidir. Bu halda necə davranmaq lazımdır - hüquqi aspektdən tənzimlənmə yolları müəyyənləşdirilməlidir.

Bu adamlar heç vaxt qadın ola bilməyəcək. Onun ana olmaq üçün lazımi orqanları heç vaxt yaranmayacaq. Özünü kişi kimi hiss edən qadın əməliyyat etsə də, ata olmayacaq. Onlar nə tam kişi ola bilirlər, nə qadın. Şəxsiyyət vəsiqələrində, sənədlərində hansı cinsin nümayəndəsi olması ona öhdəliklər verir. Qanunvericiliyə görə, qadın və kişi ailə hüququnda da, hərbi mükəlləfiyyət hüququnda da özünü göstərir”.

Hüquqşünas deyir ki, cinsiyyətin dəyişdirilməsi əməliyyatı formal baxımından qanunsuz deyil:

“Hazırda burun əməliyyatına da, cinsiyyət dəyişikliyi əməliyyatına da hüquqi yanaşma eynidir, heç bir fərq yoxdur. Türkiyədə belə hallarda məhkəməyə müraciət proseduru daha ağlabatandır. Bu zaman məhkəmə əsaslığı araşdırır və qərar verir.

Kişi olub özünü qadına çevirənin hərbi mükəlləfiyyəti yaranır. Bu şəxs əsgərliyə getməli olacaq. Özünü qadına çeviribsə, onun əsgərliyə getməsi uyğun sayılmaycaq. Bütün bunlarsa müvafiq qanunvericliklə tənzimlənməlidir. Mənə görə, cinsiyyətin dəyişdirilməsi qadağan olunmalıdır. Bu, yalnız məhkəmənin müvafiq qərarı ilə həyata keçirilə bilər”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər