23 Sentyabr 16:55
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ayın 9-11 sentyabr tarixlərində Bakıda xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçirildi.

İngiltərə, İsveç, Fransa, Amerika, Kanada, Misir, Türkiyə və digər ölkələrdən çoxlu alimimiz təşrif etmişdilər. Gülüstan sarayında iki gün maraqlı forum baş tutdu, qarşılıqlı təcrübələr paylaşıldı.

Şübhəsiz ki, bir qərinəlik müstəqillikdən, texnologiyanın inkişafından sonra xaricdə yaşayan azərbaycanlıların Vətənə gəlmələri adi hal sayıla bilər. Amma ötən əsrdə bu kimi gəlişlər böyük gündəm olardı.

Bu forumda iştirak edərkən elə həmin ərəfələrdə mərhum professor Abbas Zamanovun arxivindən əldə etdiyim fotoşəkillər yadıma düşdü.

Belə ki, xaricdə yaşayan bir çox azərbaycanlı alimlə (Əhməd Cəfəroğlu, Səlim Rəfiq Rəfioğlu, Abidin İtil, Mirzə Hacızadə), ictimai-siyasi şəxsiyyətlərlə (Məhəmməd Məhərrəmov, Hüseyn Camal Yanar, Əli Vulkan, Bəkir Odoğlu) məktublaşan Zamanov onların bəzilərini Bakıda da müşayiət edib.

Bu alimlərdən biri də Turxan Gənceyi idi.

Azərbaycanlı şərqşünas Turxan Gənceyi 1925-ci il martın 20-də Təbrizdə doğulub. Atası Zeynəl bəy Gəncədən olub, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib. Anası Gövhər xanım isə naxçıvanlı idi.

Turxan bəy İstanbul Universitetinin Türk və İran filologiyası bölümünü bitirib, daha sonra Neapol Universitetinin Şərqşünaslıq İnstitutuna müəllim olaraq dəvət edilib. Üç il orada çalışıb, ardınca 1953-də Frankfurt Main və Hamburq universitetlərində dərs deyib. 1956-cı ildə yenidən Neapol Universitetinə qayıdıb. Daha sonra 1959-1961-ci illərdə London Universitetində, 1961-1964-cü illərdə isə Kembric Universitetində fəaliyyət göstərib.
25 il Londonda çalışan Gənceyi türk dili və ədəbiyyatı üzrə dosent, daha sonra professor olub. İran filologiyasından dərs deyib, 1984-cü ildə onun sayəsində universitetdə İran və Türk Filologiyası kafedrası yaradılıb.

Turxan bəy sənət tarixçisi Tülay Reyhanlı ilə ailə həyatı qurub.

O, məşhur türk şairi Əlişir Nəvainin “Mühakimət ül-lüğəteyn” əsərini fars dilinə çevirib, bu əsərə geniş şərhlər və izahlar yazaraq 1948-ci ildə Tehranda çap etdirib. Yenə həmin il azərbaycanlı şair Təsir (1655-1717) haqqında İstanbulda əsər ərsəyə gətirib.

1952-ci ildə Nəvainin əsərlərinin Tehran və İstanbul nüsxələrini müqayisəli şəkildə hazırlayıb və Neapolda çap etdirib. 1953-cü ildə isə Xorasan sultanı Hüseyn Mirzə Baykaranın nəsrlə yazılmış təzkirə-risaləsini İtaliya dilinə tərcümə edib.

O, Türk dünyasının məşhur əsərləri olan Mahmud Kaşğarinin “Divani-lüğəti-türk”, Yusif Balasağunlunun “Kutadqu-bilik”, Orxon-Yenisey abidələrinin mətnlərini, “Altun-yaruq”, “Codex Cumanicus” haqqında məqalələr yazıb, Xarəzminin “Məhəbbətnamə” əsərini İtaliya dilinə çevirib.

1959-cu ildə Şah İsmayıl Xətainin əsərlərinin beş əlyazmasını tədqiq edərək 259 qəzəl və qəsidəsini çap etdirib. Eləcə də uyğur yazıları, əlifbalarını araşdırıb, “Məsələ kitabı”, “Bəxtiyarnamə”, “Meracnamə” kimi uyğur əlifbası ilə yazılmış əsərləri tədqiq edib, “Lətafətnamə” əsərini çap etdirib. O, eyni zamanda 1684-cü ildə ingilis Rafael Dü Mans tərəfindən yazılmış Azərbaycan türkcəsinin ilk qrammatikasını aşkar edib, “Dədə Qorqud” dastanını Kembricin proqramına salıb.

T. Gənceyi 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin yüz illiyi və 1987-ci ildə Mirzə Fətəli Axundzadənin yubiley şənlikləri münasibətilə Azərbaycanda olub.

Turxan bəy 1970-ci ildə İstanbula gəlib, İstanbul Universitetinin Türkologiya İnstitutunu ziyarət edib. Bu zaman həmin institutun müdiri başqa bir azərbaycanlı professor Əhməd Cəfəroğlu idi. Əhməd bəy də Turxan bəyin atası kimi Gəncədən idi. Həmin görüşdən xatirə bir fotoşəkil də çəkdirilib.

Turxan bəy 2005-ci ildə aramızdan ayrılsa da, geridə Azərbaycanla bağlı bənzərsiz bir irs buraxıb...


Müəllif: Dilqəm Əhməd