Hazırda Rusiya qoşunlarının Ukraynada hücumunun əsas istiqaməti Donetsk vilayətinin Pokrovsk şəhəri olaraq qalır. Amma ruslar Xarkov vilayətində də irəliləyirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
“Rusiya qoşunlarının əsas səyləri, əvvəlki kimi, Ukraynanın şərqindəki Pokrovskda cəmləşib”, - məlumatda deyilir.
Qeyd edilir ki, Rusiya ordusu böyük ehtimalla Pokrovskdan şərqdə yerləşən Qrodivka və şəhərin cənub ətrafında yerləşən əraziləri ələ keçiriblər. Hazırda ruslar Pokrovskun təxminən 8 kilometrliyindədir.
Britaniya kəşfiyyatı əlavə edir ki, Ukraynanın bu yöndə müdafiəsinin gücləndirilməsi və şəhər relyefi rus qoşunlarının irəliləyişini ləngidə bilir.
Bundan əlavə, Rusiya qüvvələri Xarkov vilayətinin şimal-şərqində yerləşən Pişçane kəndinin qərbinə doğru irəliləyib. Hazırda ruslar Oskil çayından 3.5 km aralıda kiçik çıxış xəttini tuturlar.
“Rusiya qoşunları Oskil çayının şərq sahilinə çatmaq məqsədi güdürlər ki, ondan təbii müdafiə səddi kimi istifadə etsinlər və gələcək əməliyyatları üçün şərait yaratsınlar”, - nazirlik vurğulayır.