“Hazırda Bakı şəhərində - Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində küçə adları, afişalar, reklam lövhələri və teleradio verlişlərinin dili üzərində müşahidələr aparılır”.
Teleqraf.com xəbər verir ki, bunu Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib. O, bildirib ki, 4 ay davam edən saytların dilinin monitorinqində ölkədə mövcud olan dövlət təşkilatlarının, TQDK və QHT təşkilatlarının apardığı monitorinqlərdən bəhrələniblər:
“Müşahidələrimizdə asan cəhət saytda materialların uzun müddət qalması olsa da, materialların çoxluğu prosesin vaxtını uzadan amil olub. Biz dili daha anlaşıqlı olan 15 saytın monitorinqini əsas götürdük. Bu saytların materiallarında “snayperçi qız” birləşməsi yaxud “repartyorçu oğlan” kimi yanlış təqdim olunan ifadələrin işlənməsi ilə rastlaşdıq. Bəzi sözlər var ki, onları öz sözlərimizlə əvəz edə bilərik. Məsələn, “Argentinada baş verən insident” birləşməsində “insident” sözü hadisə sözü ilə əvəz olunmalıdır”.
Qulu Məhərrəmli Azərbaycan dilində sadə, anlaşıqlı yazmaqla hadisəni dolğun şəkildə oxuculara çatdırmağın daha uğurlu alındığını bildirib. O, qeyd edib ki, orfoqrafik səhvlərin monitorinqi aparılmayıb. Çünki sayta daxil olanda xüsusi işarə vasitəsilə buraxılmış hərf səhvini görmək və yenidən onu düzəltmək mümkündür. Məntiqi səhvləri, məna uyğunsuzluğu olan səhvləri düzəltmək mümkün deyil.
Q. Məhərrəmlinin sözlərinə görə, Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən 1000-ə yaxın informasiyada 500 səhv müşahidə olunub.