2 Aprel 2015 12:36
2 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hər il xarici görünüşünü dəyişmək, komplekslərdən azad olmaq üçün minlərlə insan estetik əməliyyatlara müraciət edir. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda estetik əməliyyatlarla bağlı müraciət edənlərin sayı kifayət qədərdir, onların arasında kişilər də az deyil...

Kişilər necə istəyir?

Plastik əməliyyatlarla məşğul olan bir neçə klinika ilə əlaqə saxladıq. İstanbul Estetik Klinikasından bildirdilər ki, kişilərin müraciəti daha çox süd vəzilərinin kiçildilməsi ilə bağlıdır: “Qadınlar daha çox burun, qarın əməliyyatı etdirməyi xoşlayır, kişilərsə süd vəzilərinin kiçildilməsi, artıq piylənmədən qurtulmaq üçün bizim klinikaya üz tuturlar. Sifətinin dərisində yaranmış qırışların dartılmasını istəyən kişilər də var. Qiymətlərə gəlincə, bu, müayinələrdən və plastik əməliyyatın həcmi müəyyənləşdikdən sonra təyin edilir”.

Xətai Klinikasından isə bildirdilər ki, kişilərin əksəriyyəti burun əməliyyatı və saç əkilməsi üçün müraciət edir: “Kişilərin 80 faizindən çoxu burun əməliyyatı etdirir. Saç əkdirən, süd vəzilərini əməliyyat etdirənlər də az deyil. Klinika əməliyyat üçün həkimləri Türkiyədən, İrandan dəvət edir. Mütəxəssislər əməliyyat etdirmək istəyən insanları müayinə edir və qiymət deyirlər”.

Bir neçə saata 40 yaşlı qadın 25 yaşlı cavana çevrilir

Estetik cərrah Vüqar Ələkbərov deyir ki, əvvəllər plastik əməliyyat arzulayanlar arasında qadınlar üstünlük təşkil edirdisə, indi müraciət edənlərin çoxu kişilərdir. Onun sözlərinə görə, kişilərin plastik əməliyyatlarda say artımı onların psixoloji maneələri aradan qaldırılması ilə bağlıdır: “Qadınlar daha çox burunlarını düzəltdirir, bəziləri isə bədənlərinin qarın, sinə hissəsini əməliyyat etdirirlər. Kişilərin əksəriyyəti isə ginekomastiya (süd vəzilərinin kiçildilməsi), saç əkilməsi, burun və qulaq korreksiyası ilə bağlı müraciət edir”.

Vüqar Ələkbərov deyir ki, hər bir pasiyentin istəyi əməliyyatın ağrısız baş tutması və əməliyyat sonrası dövrün də eynən ağrısız və fəsadsız ötüşməsidir: “Həkim də çalışır ki, xəstəyə uyğun əməliyyat aparsın. Pasiyentlərin istəkləri qarşılanmalıdır. Məsələn, reallaşdırılan burun əməliyyatlarından sonra burun və göz ətrafında şiş və göyərmələr olmamalıdır.

Qadınlarda süd vəzisi əməliyyatları zamanı isə süd axarlarının tamam qorunmasına nail olmaq lazımdır. Süd axarlarını zədələmədən əməliyyat eləmək qadınların gələcək həyatının əsas təminatlarından sayılır. Bu, gələcəkdə qadınların üzləşə biləcəyi bir çox xəstəliklərin qarşısını alır. Mən daha çox kombinə əməliyyatları edirəm. Yəni bir neçə saata 40 yaşlı qadını 25 yaşlı qadına çevirmək olar".

18 yaşdan yuxarı...

Əməliyyat üçün müraciət edənlərin yaş həddinə gəldikdə, həkim deyir ki, onların çoxu gənclərdir: “Əslində, plastik əməliyyat etdirmək üçün standart yaş həddi yoxdur. Amma plastik əməliyyat 18 yaşdan yuxarı insanlara məsləhət görülür. Bəzən həkimlər yaşa məhəl qoymadan, pul qazanmaq xatirinə aşağı yaşlıları əməliyyat edirlər. Halbuki plastik əməliyyat üçün müraciət edən hər xəstəni qəbul etmək düzgün deyil.

Əməliyyatdan əvvəl xəstə və plastik cərrah açıq şəkildə görüşməli, tərəflər ortaq qərara gəlməlidirlər. Müraciət edənin gözlədiyi nəticə reallığa uyğun olmalı, əməliyyatı həyata keçirən plastik cərrah isə ona güvən verməlidir. Ən əsası, pasiyent bədənində hansı əməliyyatların keçiriləcəyi, hansı cihazlardan istifadə olunacağı ilə bağlı məlumatlandırılmalıdır. Əməliyyatdan öncə plastik əməliyyata girən şəxsin psixoloji vəziyyəti də yoxlanmalıdır".

Tanınmışları ideal seçib, özlərini məhv edirlər

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, estetik əməliyyat insanların fərdi seçimidir. Bizim cəmiyyətdə isə bir çoxları televiziyada gördüyü şou-biznes nümayəndələrini, Hollivud aktrisalarını özlərinə ideal seçib münasib əməliyyat etdirməyə çalışırlar: “Bəzən bunun ağır fəsadları olur, mövcud gözəlliyini, hətta həyatını itirənlərə də rast gəlinir. Çünki belə əməliyyat nəticəsində orqanın və ya bədənin ayrı-ayrı hissələrinin görünüşü və ya strukturu dəyişdirilməlidir”.

Adil Qeybullanın fikrincə, estetik əməliyyat zamanı həkimi düzgün seçmək lazımdır: “Estetik əməliyyatdan sonra arzu olunmayan nəticələr həm əməliyyatın düzgün seçilməməsi, həm də həkimin yol verdiyi hansısa səhvlərdən irəli gələ bilər. Dünya ölkələrində estetik əməliyyata gedən bütün şəxslər əvvəlcə mütləq psixoloqla məsləhətləşir. Yalnız psixoloqun icazəsindən sonra həmin adam öz görünüşünü dəyişə bilər. Çünki bəzi şəxslərdə psixoloji problemlər olur və estetik parametrlərə tam cavab verən əməliyyatlar belə, onları qane etmir”.

“Hər kiçik səbəbdən bədənə əziyyət vermək olmaz”

Şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bədəndə olan hər hansı nöqsanı aradan qaldırmaq üçün plastik əməliyyat etdirmək qadağan deyil: “Həmin nöqsan insanın həyatda öz yerini tutmasına, xoşbəxt ömür sürməsinə əngəl törədirsə, onda psixoloji kompleks yaradırsa, icazəlidir. Lakin bəzi şərtlər gözlənilməlidir. Sadəcə, plastik əməliyyat xatirinə bədənə əziyyət vermək olmaz. Estetik cərrahiyyənin tarixçəsi yeni olduğuna görə, klassik İslam qaynaqlarında onun hökmlərinə, İslamın buna necə yanaşdığına tam aydınlıq gətirmək qeyri-mümkündür”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər