Qədim zamanlardan bəri insanların həm şəfa tapmaq, həm də zənginliyini nümayiş etmək üçün istifadə etdikləri daşlardan biri də ametist olub.
Ametist zərgərlərin ən çox müraciət etdikləri daşlardan olub.
Radiasiyadan qoruyan, sərxoş olmağa qoymayan, orqanizmi bir çox xəstəliklərdən xilas edən, zehni qüvvətləndirib pis enerjini yox edən bu möcüzəvi daş haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə,Publika.az-ın “Mücrü” layihəsini oxuyun.
Əmin edirik ki, ametistin faydaları və qeyri-adi xüsusiyyətləri sizi təəccübləndirəcək.
Ən dəyərli ametistlər hansı ölkədə çıxarılır?
Ametist kıvarsın bənövşəyi rəngli növüdür. Ona bu rəngi tərkibindəki dəmirin verdiyi təxmin edilir. Çəhrayıya və göyə çalan ametistlər də var.
Bu daş istiliyə məruz qalanda rəngi sarıya çevrilir.
Ümumiyyətlə, sarı kıvars növlərinin ametistin yanması nəticəsində meydana gəldiyi düşünülür.
Açıq çəhrayı rəngdə olan ametist "Rose de France" adlanır. Ancaq ən dəyərli ametistlər qırmızı parıltıya sahib olur və tünd bənövşəyi rəngdə görünür.
Belə ametistlər "sibirli" adlandırılır. Adından da məlum olduğu kimi əsasən Sibirdə çıxarılır.
Ametist yataqları əsasən, Braziliya, Rusiya, Kanada, Hindistan, Şri-Lanka, Uruqvay, Argentina, İspaniya, bir sıra Afrika ölkələri və ABŞ-da mövcuddur.
ABŞ-da çoxlu yataqları olsa da, burada çıxarılan ametist çox dəyərli hesab edilmir və zinət əşyalarının hazırlanmasına yaramır.
Ən keyfiyyətli kristal ametistlər Hindistan, Braziliya və Uruqvayda çıxarılır.
Sərxoşluğa qarşı ametist
Ametist adı yunanca “amethystos” sözündən meydana gəlib, mənası “sərxoş olmayan” deməkdir.
Qədim vaxtlarda xüsusilə, Yunanıstanda insanlar ametistin insanı sərxoş olmağa qoymadığını düşünüblər.
Ona görə də ya içkini ametistdən hazırlanmış qədəhlərdən içiblər, ya da içki içdikdən sonra bu daşı bir müddət əllərində saxlayıblar.
Yunanıstanda qədəhlərin, kubokların, stəkanların çoxunun ametistdən hazırlanması bu faktı sübut edir.
XVII əsrdə qiymətli mebellər və ev əşyaları ametistlə bəzədilib.
Kral ailələrinin bənövşəyi yaqut hərisliyi
Ametistdən hazırlanan zərgərlik əşyaları və ləl-cəvahiratlar çox dəyərli hesab edilib.
Daş məşhurluğunu əsasən sahib olduğu bənövşəyi rənginə borcludur. Rənginə görə, “bənövşəyi yaqut” adlandırılan ametist ta qədim zamanlardan bəri qadınların diqqət mərkəzində olub.
Misir xanədanlığında fironların kənizlərini bu daş bəzəyib.
Keçmiş dövrlərdə kral ailələrinin üzvləri də ametistə böyük maraq göstəriblər. Onların hamısının mücrüsündə ən az 3-4 ədəd ametist daşlı üzük, boyunbağı olub.
Kraliça II Yelizavettanın ametistdən hazırlanmış sırğası, boyunbağısı və yaxa sancağı olduqca diqqət çəkicidir.
Ametist İsveç, İspaniya, Norveç kraliçaları və şahzadələri arasında da çox populyar olub.
İsveç kraliçası Jozefinin ametistdən hazırlanan tacı, həmçinin boyunbağı, qolbaq və sırğadan ibarət dəsti çox dəbdəbəli təsir bağışlayır.
İsveç kraliçaları Marqarita, Meri, Silviya da ametisti çox seviblər.
İsveç şahzadələrindən Viktoriya və Madleyn də ametistdən hazırlanan zinət əşyalarına maraq göstəriblər.
İspaniya kraliçası Kristina, Norveç kraliçası Sonya da bu daşın cazibəsinə qapılan məşhur simalardan olublar.
Ametist indi də Norveçdə öz taxtını qoruyub saxlayır. Belə ki, Norveç şahzadəsi Mette Merit öz toyunda məhz ametist qaşlarla bəzədilmiş tac taxıb.
Onun bu daşdan hazırlanmış boyunbağısı və sırğası da var.
Ametistin cazibəsinə qapılan dünya ulduzları
Ametistə dünya ulduzları da biganə qalmayıblar. Barbadolsu pop ulduz Rihanna ametistin ən dəyərli növündən hazırlanan boyunbağısı və üzükləri ilə dəvətlərdə göz qamaşdırıb.
Sofiya Verqara, Bianka Balti, Emma Uatson, Diana Kryuger kimi məşhurlar da ametistlə bəzədilmiş dəbli zərgərlik əşyaları ilə diqqət çəkiblər.
Maraqlıdır ki, qədim zamanlarda ametist dindarlığın və bəkarətin simvolu hesab edilib.
Ona görə də orta əsrlərdə katolik kilsələrindəki oymalar ametistlə bəzədilib.
Bu daş yepiskoplar üçün xüsusi əhəmiyyət kəsb edib. Bu gün belə bir çox yepiskop və bəzi dini vəzifəliləri icra edənlər ametist daşlı üzüklər taxırlar.
Tibetdə ametist daşı müqəddəs sayılır.
Dahi Leonardo Da Vinçi belə bu daşın şeytanı, günahkar düşüncələri insandan uzaqlaşdırdığına inanıb.
Ametist astrologiyada Qız, Oğlaq, Sutökən və Balıqlar bürcünün daşı hesab edilir. Fevral ayında dünyaya gələnlərə uğur gətirir.
İnsana sadəcə fiziki baxımdan təsir etmir, həm də ruhunu qidalandırır.
Şəfa mənbəyi
Ametistdən əsasən, zərgərlik sahəsində istifadə edilsə də, onu təbiətin bəxş etdiyi təbii şəfa mənbəyi hesab etmək olar. Çünki bu daş onlarla xəstəliyin çarəsidir.
İnsana şəfa vermək baxımından ən güclü, təsirli daşlardan biridir.
Hansı xəstəlikləri aradan qaldırır?
* Göz xəstəliklərinə yaxşı təsir edir.
*Allergiyaya qarşı təsirlidir.
*Miqren və digər səbəblərdən yaranan baş ağrısını aradan qaldırır.
*Ürək-damar xəstəliklərindən qoruyur.
*Ətrafdakı mənfi enerjini təmizləyir. Otağın hər hansı bir yerinə qoysanız, mənfi enerjiləri yığıb müsbət enerjiyə çevirəcək.
*İnsanı narahat edən düşüncələri uzaqlaşdırır. *Sakitləşdirici təsirə malikdir.
* Yuxusuzluqdan xilas edir. Əgər yuxusuzluq problemi ilə üzləşmisinizsə, yatmazdan öncə ametisti bir müddət əlinizdə saxlayın və daha sonra yastığınızın altına qoyub yatın. Yuxusuzluğa çarə olmaqla yanaşı, kabus görməyinizin də qarşısını alacaq.
*İnsana enerji verir. Mənfi enerjidən qoruyur. Xüsusilə, xoşlamadığınız insanlarla ünsiyyətdə olmaq məcburiyyətində qalanda üzərinizdə ametist olsun.
*Ametist insana dinclik verir. Yaydığı enerji sinir sisteminə yaxşı təsir göstərir. Çox işləməkdən və stressdən qaynaqlanan zehni yorğunluğu aradan qaldırır.
* Çəhrayı rəngli kıvarsla birlikdə istifadə edildikdə zehni qüvvətləndirir.
*Radiasiyadan qoruyur. Ona görə də kompüterin yanına qoymaq fayda verə bilər.
*Qanı təmizləyir.
*Yaddaşı artırır. İmtahana hazırlaşan şagirdlərə xüsusilə, tövsiyə edilir.
*Qədim vaxtlarda caduları təsirsiz hala gətirdiyinə inanılıb.
* Dəri xəstəliklərinə qarşı təsirlidir. Həmçinin dəriyə qulluq üçün də istifadə edilə bilər.
Dərini möhkəmləndirir. Ametisti 10 dəqiqə təmiz suda saxlayıb daha sonra həmin suyla üzü yumaq olar. Bu prosedura dəridəki ləkələrdən xilas edir.
Qeyd edək ki, ciddi bir şəxsiyyət pozuqluğu, psixoloji problemi olan insanlara ametistin enerjisi pis təsir edir.
Bütün qiymətli daşlar kimi ametistin də müalicəvi effektini hiss etmək üçün onu vaxtaşırı təmizləmək lazımdır. İlk aldığınız gün mütləq təmizləməlisiniz.
Təmiz suda və ya günəş işığı altında saxlayaraq təmizləyə bilərsiniz.
İlk iki həftə hər gün suyun altında tutaraq təmizləyin. Daha sonra 2-3 həftədən bir təmizləsəniz də olar.
Satışda ametist daşının saxtası çoxdur.
Bunlar şüşədən və ya boyalı daşlardan əldə edilir. Bu tərz saxta daşların insana heç bir faydası yoxdur.
Ona görə də ametist daşı və ya bu daşdan hazırlanan zərgərlik əşyası alarkən diqqətli olun. Mümkündürsə, mütəxəssislərdən kömək alın.
Sonda qeyd edək ki, qədim vaxtlar ametist almaz, sapfir, yaqut və zümrüddən belə dəyərli hesab edilib. Daha sonra çoxlu sayda ametist yataqlarının tapılması nəticəsində, onun dəyəri azalıb.
Lakin bu daşı ucuz əldə edəcəyinizi sanmayın, kifayət qədər bahadır.