Azərbaycan Tibb Universitetində (ATU) Fransanın ölkəmizdəki səfiri Paskal Menye ilə görüş keçirilib.
Tədbirdə iştirak edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov Fransanın bir neçə universiteti ilə sız əlaqələrinin olduğunu və münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını deyib: “Tibb Universiteti Azərbaycanda həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə universitetdir: “Universitetimizə ildə təxminən 1000 tələbə qəbul edilir. Hazırda 7000-ə yaxın tələbəmiz var. Avropa universitetləri ilə müqayisədə böyük olmasa da, amma bütövlükdə Azərbaycanın aparıcı ali ocaqlarından biriyik”.
Rektorun sözlərinə görə, ATU-da 160-dan çox professor, 700-dən çox elmlər namizədi-dosent var. Universitetdə 1000 xarici vətəndaş təhsil alır. Son illərdə universitetin dörd yeni klinikası inşa olunub və istifadəyə verilib.
Fransanın ölkəmizdəki səfiri Paskal Menye artıq üçüncü dəfədir ki, Tibb Universitetində qonaq olduğunu bildirdi: “Burada olduğum üçün çox şadam. İlk dəfə Bakıya gəldiyimdə ilk olaraq məhz Tibb Universitetini ziyarət etmişdim. Universitetinizə xüsusilə minnətdaram ki, iki dəfə fransız dili üzrə müsabiqə keçirməyimizə şərait yaratmısınız”.
Səfirin sözlərinə görə, Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə yüksək əlaqələr mövcuddur: “Bizim bir layihəmiz də var. Fransa-Azərbaycan universitetinin yaradılmasını nəzərdə tutmuşuq. Bir neçə həftədən sonra Azərbaycan tərəfi pilot universitet kimi hansı ali təhsil ocağının iştirak edəcəyini müəyyənləşdirəcək. Eyni zamanda, Azərbaycanda Fransız xəstəxanasını yaratmağı düşünürük”.
Görüşdə iştirak edən Fransanın “Opere Singulari” şirkətinin prezidenti xanım Rim Sabbah, həmin şirkətin vitse-prezdenti cənab Pyer Erbo şirkətləri haqqında ətraflı məlumat verdilər. Rim Sabbah bildirdi ki, rəhbərlik etdiyi şirkət təkcə tibb sahəsində deyil, başqa sahələrdə də geniş imkanlara malikdir.
Xanım Sabbah gələcəkdə Azərbaycan Tibb Universiteti ilə əlaqələrini genişləndirəcəklərini qeyd etdi.
Naibə QURBANOVA