Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davası bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə davam etdirilib.
Bu barədə Axar.az-a açıqlama verən zərərçəkən Anar Niftəliyevin vəkili Aqil Layıcov bildirib ki, bu günkü prosesdə zərərçəkənin şikayəti təmin olunub: “Apelyasiya şikayətimiz qismən də olsa, təmin olundu. Belə ki, məhkəmə Elnarə xanımın əməliyyatının həyata keçirildiyi “Medi Sina” klinikasının mənəvi zərər olaraq 20 min manat, həkimlərdən Firuz İbrahimovun 10 min manat, Mahir Məmmədov və Fərəcullah İdrisovun isə hər birinin 6 min manat təzminat ödəməsi barədə qərar verdi”.
A.Layicovun sözlərinə görə, məhkəmə həmçinin klinika barədə araşdırma aparılması üçün xüsusi qərar çıxararaq, Baş Prokurorluğa göndərib: “Məhkəmə “Medi Sina” klinikasının müvafiq əməkdaşlarının, məsul şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmamasını yoxlamaq üçün xüsusi qərar çıxararaq cinayət işinin başlaması məqsədilə sənədləri Baş Prokurorluğa göndərdi. Həmçinin “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyuldu. Bu klinika onkoloji əməliyyatların keçirilməsi üçün Səhiyyə Nazirliyindən lisenziya almamasına baxmayaraq, Elnarə xanımın onkoloji əməliyyatının orada aparılmasına, başqa sözlə, ölüm hadisəsinin baş verməsinə imkan yaradıb. Ona görə də məhkəmənin qərarı ilə “Medi Sina” klinikasının bu cinayət işi Baş Prokurorluqda araşdırılacaq”.
Aqil Layicov hakim İkram Şirinovun sədrlik etdiyi bu prosesdə humanizm prinsiplərinin qalib gəldiyini açıqladı. Buna baxmayaraq, Aqil Layıcov qərardan şikayət verməkdə israrlı olduqlarını dedi: “Ancaq onu qeyd edim ki, biz məhkəmənin gəldiyi nəticədən tam razı deyilik. Bu səbəbdən məhkəmədən rəsmi qaydada kassasiya şikayəti verəcəyik. Bizim maddi zərərlə bağlı şikayətimiz və vəsatətlərimiz təmin olunsa da, məhkəmənin məbləğlə bağlı verdiyi qərardan razı deyilik. Xatırladım ki, müvəkkilim 750 minlik iddia qaldırıb”.
Qeyd edək ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.
Ötən il zərərçəkən tərəf cinayət işi ilə paralel olaraq həkimlərin maddi və mənəvi təzminat ödəməsi üçün iddia qaldırıb. Ümumilikdə həkimlərə və klinikaya qarşı 750 min manatlıq iddia qaldırılsa da, Yasamal Rayon Məhkəməsi yalnız “Medi Sina” klinikasının 6 min, anestezioloq Firuz İbrahimovun cəmi 4 min manat maddi və mənəvi təzminat ödəməsi barədə qərar çıxarmış və digər həkimləri məsuliyyətdən azad etmişdi.