21 Avqust 2015 14:49
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması diqqətdə saxlanılır.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu istiqamətdə aparılan işlərin davamı kimi, cari ilin yanvar-iyul aylarında ƏƏSMN tərəfindən 345 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Onlardan 213 nəfəri ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) qəbul olunub. Mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclər burada eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər. Qalan 132 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar. Həmin insanlardan 48 nəfərini gözdən əlil şəxslər təşkil edib.

Kursları bitirən əlilliyi olan şəxslərə bu barədə müvafiq sertifikatlar verilir və yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər görülür. Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında DMX tərəfindən ümumilikdə 1903 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər