28 Fevral 2016 14:21
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü daha geniş işıqlandırmaq məqsədilə cari il aprelin 4-dən 8-dək Azərbaycanda mina aksiyası üzrə sahə seminarı keçiriləcək.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildiriblər ki, seminarın məqsədi iştirakçılara region ölkələrində bu sahədə qəbul olunmuş qanunvericilik və normalarla tanış olmaq və ANAMA ilə mina aksiyasının əməliyyat, idarəetmə, mina təhlükəsinə dair maarifləndirmə və zərərçəkənlərə yardım sahələrində fikir və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır.

Seminar Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Əməkdaşlıq Proqramı (EECCA-OP) çərçivəsində ANAMA ilə birgə təşkil ediləcək.

Seminarda Belarusiya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Monqolustan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistandan olan Mina Aksiyası, Sursatların Təmizlənməsi proqramları və eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT İnkişaf Proqramı, ATƏT və BMT Mina Aksiyası Xidmətləri nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Dörd gün davam edəcək seminarın 2 günü Bakıda keçiriləcək, iki günü isə sahə səfəri daxil olmaqla minatəmizləmə sahəsində qanunvericilik və standartlar ətrafında müzakirələri əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda Mina Aksiyası üzrə sahə seminarı barədə cari il fevralın 16-19-da Cenevrədə keçirilən “Mina Əməliyyatları üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin 19-cu beynəlxalq görüşü” zamanı ANAMA-nın icraçı direktoru Qəzənfər Əhmədovun çıxışında təqdim olunub və müzakirə edilib.

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd edilir. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin davam etdirilməsinə çağırışdır.


Müəllif:

Oxşar xəbərlər