Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şura sədri Azay Quliyev iclasın gündəliyinə qurumun elan etdiyi 1-ci maliyyə müsabiqəsi fondunun müəyyənləşdirilməsi, dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin şura ilə razılaşdırması Qaydasının icrası haqqında təlimatın, şuranın maliyyə yardıma ilə QHT-lər tərəfindən icra olunan layihələrin Şura Katibliyi tərəfindən idarə edilməsi qaydalarının, 2016-cı il fəaliyyət planının təsdiqi, Şuraya təqdim edilən müsabiqədənkənar layihələrin qiymətləndirilməsi, Şura üzvlüyünə seçkilərin keçirilməsinin təqvimi və iclasların keçirilmə qaydaları haqqında təlimatın təsdiqi və digər məsələlərin daxil olunmasını təklif edib və gündəlik bu ardıcıllıqla təsdiq edilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin hüquqşünası Rauf Məcidbəyli və baş məsləhətçi Mustafa Qurbanlı gündəlikdə dayanan məsələləri Şura üzvlərinə təqdim edərək, onların hər biri haqqında ətraflı məlumat veriblər.
Əsasnaməyə uyğun olaraq şura üzvlüyünə keçiriləcək seçkilərə hazırlıqla bağlı danışan F.Qurbanov seçkilərin azad və ədalətli keçirilməsi və şəffaflığın təmin olunması üçün beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələrinin 8 qrup üzrə keçiriləcək seçkiləri izləməyə dəvət olunacağını bildirib. Yaxın günlərdə şura üzvlüyünə ixtisaslaşmış qruplar üzrə keçiriləcək seçkilərin dəqiq tarixi, həmçinin iştirakçı və namizədlərin adları elan olunacaq.
İclasda şura üzvləri Tahir Süleymanov, Sahib Məmmədov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər.
Gündəlikdəki məsələlər müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.
BƏXTİYAR