4 Mart 2016 11:43
3 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bəzi uşaq geyimləri mağazasında qızlar üçün geyim tapmaq çətinləşib. Bu barədə “Gündəlik Teleqraf”a valideynlər məlumat verib. Qeyd olunur ki, “Mothercare” (“Ana qayğısı”) mağazalar şəbəkəsinin Nərimanov rayonu, Atatürk prospektində yerləşən filialında oğlan geyimlərilə müqayisədə, qızlar üçün paltarların sayı olduqca məhduddur.


Mağazanın satıcısı valideynlərə yeni mövsümdə qızlar üçün daha az paltar gətiriləcəyini deyib. O, bunu qız uşaqlarının əkscinsə nisbətən sayının azlığından dolayı geyimlərə olan tələbatla əlaqələndirib.

Bu tendensiyanın digər mağazalarda da baş verib-vermədiyini öyrənmək üçün paytaxtın bir neçə uşaq geyim mağazalarına baş çəkdik.

“Panda” mağasının satıcısı Nigar Hüseynova hər iki cinsdən olan uşaqlar üçün təxminən eyni sayda geyim gətirildiyini, amma oğlan geyimlərinin daha çox satıldığını bildirdi. Satıcının sözlərinə görə, son iki ildə bu tendensiya daha qabarıq hiss olunur.

“World Kids” mağazalar şəbəkəsinin Yasamal filialının direktoru Samir Bayramlı isə deyilənlərin əksinə, satdıqları malların 70 faizinin qız, 30 faizinin isə oğlan uşaqlarına aid olduğunu dedi: “Bizim təkcə Yasamaldakı 450 kvadratmetrlik mağazamızın 300 kvadratmetri qız geyimləri üçündür. Yəni tələbat daha çox bu geyimlərədir”.

Qiymətlərə gəlincə, mağaza direktoru qız uşaqları üçün nəzərdə tutulan geyimlərin oğlanlardan baha satıldığını dedi. O, bunu qız geyimlərində aksessuar və bəzək əşyalarının daha çox olması ilə izahladı.

“Qız geyimləri daha çox satılmalıdır”

Məsələyə “Mothercare” mağazalar şəbəkəsinin də mövqeyini öyrəndik. Menecer Larisa Əliyeva mağazalarda qoyulmuş 50 faiz endirim aksiyası ilə əlaqədar geyimlərin çoxunun alındığını, buna görə qız uşaqları üçün geyimlərin azaldığını dedi.

Onun sözlərinə görə, qızlara gətiriləcək geyimlərə məhdudiyyət qoyulacağı barədə məlumatlar həqiqətəuyğun deyil. Menecer bildirdi ki, hər iki cinsə aid geyimlər təxminən eyni sayda satılır: “Satış qaydalarına görə isə əslində qızlar üçün nəzərdə tutulan daha çox satılmalıdır. Çünki adətən, qızlar üçün əlavə çeşidli geyimlər də alınır. Məsələn, oğlana 1 və ya 2 qış gödəkçəsi bəs edirsə, qıza bir mövsümdə 3-4 rəngarəng gödəkçə alınır. Satış sayına təsir edən həm də bu amildir”.

“Ufaklık”, “Bücürük”, “Tom and Jerry” geyim mağazalarından isə birmənalı olaraq oğlan uşaqları üçün geyimlərin satışının yüksək olduğunu bildirdilər. Onlar son 4-5 ildə bu hala daha çox rast gəlindiyini vurğuladılar.

“Tedi” uşaq geyimləri mağazasının sahibi Qədir Həsənov deyir ki, mağazaya gün ərzində daxil olan valideynlərin yanında əksərən oğlanlar olur: “Daha çox iki oğullu ailələr görürəm. Ona görə də diqqət etsəniz, satışdakı ayaqqabıların çoxu oğlanlar üçündür. Yeni mövsüm geyimlərində də bunu nəzərə almışıq”.

Ümumiyyətlə, son illər ölkədə cinslər arasında kəskin say fərqinin meydana gəlməsi tez-tez müzakirə olunur. Bunun nəinki geyim mağazalarında, hətta uşaq bağçalarında, orta məktəblərdə də nəzərəçarpacaq dərəcədə hiss olunduğu bildirilir.

On altı uşağın cəmi biri qız olarsa...

Binəqədi rayonu 177 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Günel Qasımlı deyir ki, qrupda 16 uşaqdan cəmi biri qızdır: “Son ildə biz də bunu müşahidə edirik. İldən-ilə qızların sayı azalır. Təsəvvür edin ki, Yeni il bayramında qrupun yeganə qızı xəstələnmişdi deyə, şənliyə Qar qız üçün başqa qrupdan qız götürdük. Bu tendensiyanın yaratdığı problem indi adi görünə bilər, amma gələcək üçün yaxşı nəticə vəd etmir. Oğlanlar hamısı qrupun yeganə qızı ilə oynamaq istəyir, o isə hamıya vaxt ayıra bilmir, əsəbiləşir”.

Tərbiyəçi deyir ki, qrupda oğlan-qız sayının balansı onların gələcəkdə əks cinsə münasibətinin formalaşması üçün vacibdir.

Minlərlə say fərqi

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarından da son illər qız uşaqlarının sayında kəskin azalma müşahidə olunduğunu görmək olar. Halbuki Azərbaycanda son illərədək qadınların sayı kişilərin sayına nisbətən çox olub. Amma vəziyyət getdikcə dəyişir.

Komitənin hesabatlarına əsasən hazırladığımız göstəricilərə görə, 2005-ci ildə ölkədə doğulan 141 901 uşaqdan 65 721 nəfəri qız, 76180 nəfəri oğlan olub. 2006-cı ildə dünyaya gələn 148 946 nəfərin 68 709 nəfərini qız, 80 237 nəfərini isə oğlan təşkil edib. 2007-ci ildə doğulan oğlanların sayı qızların sayından 12 047, 2008-ci ildə 11 530, 2009-cu ildə 12 293, 2010-cu ildə 12 625, 2011-ci ildə 13 320, 2012-ci ildə 12 705, 2013-cü ildə 12 477, 2014-cü ildə isə 15 317 nəfər çox olub.

Bu rəqəmlər də göstərir ki, bir neçə ildən sonra ölkədə ciddi demoqrafik problem yaşanacaq. Mütəxəssislər o qənaətdədir ki, yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsində müasir tibbi vasitələrin daha çox rolu var. Hamiləliyin 12-ci həftəsində USM müayinəsinin nəticəsində artıq dölün cinsiyyəti bilinir. Bundan sonra isə bəzi valideynlər qız övladının doğulmasının qarşısını alırlar.

Məhz bu səbəbdən hazırda dünyanın bir çox ölkələrində dünyaya gələcək övladın cinsiyyəti ilə bağlı valideynlərə məlumat verilməsi qadağan edilib. ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çin, Əfqanıstan, İran, İraq, Yəmən kimi ölkələrdə abort qadağan olunmaqla daxili orqanlara qarşı cinayət sayılır. Yalnız uşağın anadan olması ananın həyatına təhlükə törədəcəyi təqdirdə, aborta icazə var.

Bəzi Avropa ölkələrində abort etdirmək üçün qadının istəyinin olması kifayət etdiyi halda, İngiltərə, Macarıstan, İslandiya, Lüksemburq və Finlandiyada aborta yalnız sosial və tibbi göstərişlər əsasında icazə verilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində dünyasını dəyişir. Bəzi qadınlar ailə planlaşmalarında ikinci, üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmadığından hamiləliyi yarımçıq dayandırırsa, digər qrup cinsinə görə hamiləliyin süni şəkildə pozulmasına gedir.

Bu səbəbdən də selektiv abort dünyanın ən ciddi problemi sayılır. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Azərbaycanda aparılan abortların təxminən üçdə ikisinin səbəbi dölün qız olmasıdır.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər