Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu nəzdindəki dissertasiya şurasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan iclas keçirilib. Tədbirdə Tarix İnstitutunun kollektivi 31 mart soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla anıb.
Dissertant Akif Aşırlının tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” mövzusunda təqdim etdiyi dissertasiya müdafiə olunub. Dissertasiyada 1918-ci ilin mayından-dekabrınadək olan dövrdə Azərbaycanda cərəyan etmiş hadisələr tədqiq olunur.
Dissertasiya işinin əsas məqsədi Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün təmin olunmasında müstəsna xidmətləri olan Qafqaz İslam Ordusunun formalaşması, fəaliyyəti və ləğvi proseslərinin, Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqının, könüllü xalq dəstələrinin, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov kimi görkəmli hərb xadimlərimizin fəal iştirakının, 1918-ci ilin may-noyabr ayları ərzində Azərbaycanda hərbi-siyasi şəraitin müxtəlif ideya istiqamətli mətbuat orqanlarında əksinin tarixi-elmi təhlilini verməkdən ibarətdir. Bu məqsədlə həmin dövrdə nəşr olunan bütün qəzetlər dərindən araşdırılıb və hadisələrin real mənzərəsini yaratmağa cəhd göstərilib.
Dissertantın elmi rəhbəri Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov müdafiə olunan dissertasiyanın yüksək səviyyədə yazıldığını bildirib. Təqdim olunan dissertasiya 1918-ci ilin may-dekabr ayları ərzində Azərbaycanın istiqlal savaşında bolşevik-daşnak və ingilis hərbi birləşmələrinə qarşı müharibə aparmış Qafqaz İslam Ordusu hərəkatını dövrü mətbuatın materialları əsasında təhlil edən ilk elmi tədqiqat əsəridir.
Nərgiz