12 Aprel 2016 10:37
3 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə yazdıqları, paylaşmaları ancaq Qarabağla, doğulduğu Cəbrayıl rayonu ilə bağlı olurdu. Bir gün virtual qəhrəmanın real qəhrəmana çevrilməsi xəbəri bütün ölkəyə yayıldı.

Ancaq tək deyildi. Bir günün içində üç ad ölkədə dillər əzbərinə çevrildi. Dilqəm Əsgərov, Şahbaz Quliyev, bir də o – Həsən Həsənov. Kəlbəcərə, yaxınlarının məzarını ziyarətə gedərkən ermənilər tərəfindən girov götürüldükləri, Dilqəm və Şahbazın yaxalandığı, Həsən Həsənovun qətlə yetirildiyi məlum oldu.

Bu gün, aprelin 12-si Həsən Həsənovun doğum günüdür.

2014-cü il iyunun 19-da evdən çıxmışdılar. İyulun 12-də isə Həsənin öldürülməsi xəbəri yayıldı. Hadisədən iki ilə yaxın vaxt ötür, Həsənin ailəsi onsuz ikinci doğum gününü – 38 yaşını qeyd etməyə hazırlaşır. Ailəyə qonaq olduq, Həsənin valideynlərinə baş çəkdik.

Anası Gilas xanım oğlunu təbrikə tələsdiyini deyir: “Hamının balası gözünə gözəl görünür. Bunu deməyim yaxşı səslənməz, amma mənim balam bir başqa gözəldi. Balamın yaraşığını qara daş da poza bilməyib. Qəbiristanlıqda min qəbirin arasından Həsənin yaraşığı görünür. Ad günündə yenə gedəcəm görməyə.
Həmişə deyirdi mən kosmonavt günündə doğulmuşam. Balamın yeri göylər oldu”.

“Köhnə paltarlarını geyinib yola çıxmışdı”

Həsən həqiqətənmi Qarabağa deyildiyi kimi doğmalarının qəbrini ziyarətə getmişdi? Bu onun neçənci səfəri idi? Ermənilər onu necə ələ keçirmişdi? Qarabağa səfərindən ailə üzvlərinin xəbəri vardımı?

Əslində ötən müddət ərzində bu suallar az-çox cavablandırılıb, bir çox mətləblərə aydınlıq gətirilib, amma ailənin gözü yolda, qulağı səsdədir. Həsənin istəyinin Dilqəmlə Şahbazdan yaxşı heç kəsin bilməyəcəyini deyirlər. Ona görə də ailənin ən böyük arzusu iki girovumuzun tezliklə azad olunmasıdır.

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dost olubmuş. Evdə tez-tez onlarla Qarabağa gedəcəyini deyən Həsən doğma torpaqlar üçün hamının əlindən gələni etməli olduğunu söyləyirmiş.

Həsənin qardaşı Rəcəb Həsənovun dediklərindən: “Getməzdən əvvəl həyat yoldaşını, qızlarını aparıb rayona qoymuşdu. Yoldaşı Vüsaləyə də deyibmiş ki, Sankt-Peterburqa iş dalınca gedir. Həsən gedəndən 4-5 gün sonra həyat yoldaşı narahat olur və ondan heç bir xəbər tuta bilmədiyi üçün Bakıya evlərinə qayıdır.
Evdə gördüyü mənzərə onun şübhələrini daha da artırır. Həsən telefonlarını, digər lazımi əşyalarını, hətta əyin-başını belə götürmədən evdən çıxıbmış. Sonradan bildik ki, qardaşım evdə olan ən köhnə paltarlarını geyinib gedibmiş.

Həsən dəqiqliyi sevən adam idi. Atdığı hər addımda evi ilə daim əlaqə saxlayardı, ailəsini xəbərsiz buraxmazdı. Bir həftə ərzində ailəsinə harada olması barədə heç bir xəbər verməmişdi.
Qardaşımın bu şəkildə xəbərsiz-ətərsiz yoxa çıxması hamımızı narahat etməyə başladı. İnternetdə üçü - Dilqəm, Şahbaz və Həsənlə bağlı videonu görəndən sonra məsələnin nə yerdə olduğunu anladıq.

Baş verənlər barədə rəsmi məlumat almaq üçün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXK) Bakı nümayəndəliyinə müraciət etdik. İnidi onların yolunu gözləyirik. Həsənin son sözlərinin, son istəyinin tək şahidləri Dilqəmlə Şahbazdı”.

“Meyiti geri alanda əllərimi göyə qaldırıb dua elədim”

“Mühəndis idim, mənim alətlərimi götürüb özünə silah düzəldərdi. Uşaqlıqdan döyüşçü olmaq istəyirdi. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olundu. Türkiyədə hərbi təhsil aldı. Tək istəyi döyüşçü olmaq, torpaqları azad etmək idi. İki oğlum da Qarabağ müharibəsi iştirakçısı olub. Səfərbərlik olsa, oğlanlarımla bərabər mən də əlimə silah alıb döyüşməyə hazıram” – deyir Həsənin atası Fərman Həsənov.

O, oğluunun son səfərindən əvvəl yoluna çıxacaq bütün çətinliklərə özünü hazırladığını bildirir: “Özünə velosiped almışdı. Dedi, maşında o qədər gəzirəm, ayaqlarım yorulur, velosiped sürürəm ki, ayaqlarımın qırışığı açılışsın. Ayaqlarına ağır dəmir bağlayıb sürürdü. Deməli, hər əzaba dözmək üçün özünə zülm verirmiş.

Meyitini geri alanda ayağındakı yaranın sapla tikildiyini gördük. Ona aid əşyaların içərisindən yoğun iynə-sap da vardı. Ayağından yaralananda ayağını özü tikib. Həsən belə ürəkli oğul idi”.

Hönkürən ataya Həsənin anası Gilas xanım təsəlli verir: “Ağlama. Mən şükür edirəm. Oğlum seçdiyi yolu şərəflə keçdi. Öz arzusu idi. Hər onu görəndə deyinirdi ki, hamı oğlunu gizlədir, heç kəs torpağa getmək istəmir. Vətən yolunda müharibə həsrəti ilə yaşayırdı.

Meyitini geri alanda əllərimi göyə qaldırıb dua elədim ki, nə yaxşı, balam düşmən əlində qalmadı. Buna da şükür, verməsəydilər nə edərdim...

Həsən çoxlarının çata bilmədiyi arzuya çatdı, dogma vətənində öldü. Onu dəfn edəndə eşitdim ki, kimsə deyir: Kaş Həsənin yerində olardım, bu ölüm xoşbəxtlikdir”.

“Çox ağır günlər yaşadıq”

Rəcəb Həsənov deyir ki, Həsənin necə və hansı şəraitdə öldürülməsi barədə Beynəlxalq Qızıl Xaç Komitəsi dəqiq məlumat verməyib: “Qardaşımın meyitinin bir neçə fotosunu bizə göstərdilər. Biz də meyitin Həsənə aid olduğunu təsdiqlədik. Ən çətin günlərimiz meyit qaytarılan günə qədər cürbəcür xəbərlərin yayıldığı zamanlar idi. Qardaşıma işgəncələr verilməsi ilə bağlı məlumatları ata-anamızdan mümkün olduğu qədər gizlədirdik. Çox ağır günlər yaşadıq o ərəfədə.

O günlərdə istədiyimiz tək o idi ki, Həsənin meyiti ermənilərdən alınsın.

2014-cü ilin oktyabrın 2-də Həsənin meyiti qaytarıldı. Ürəyim xəstə olduğu üçün meyitə baxa bilmədim, amma qardaşlarım baxdılar. Başında yaralar qaralmışdı, ayağında, topuqlarında güllə yaraları, baldırında adi sapla tikiş yerləri varmış. Yaralananda qan itirməsin deyə özü ayağını tikibmiş.

Ermənilər Həsənə diversant damğası vurdular. Biz bu iddiaları qəti şəkildə rədd edirik. Həsən Vətən həsrəti ilə öz doğulduğu torpaqları görmək istəmişdi. Ermənilər bunu özlri üçün çox böyük təhlükə hesab edirlər.
Vətən həsrəti Həsənin heç vaxt yadından çıxmırdı. Həsənin arzusu olub ki, Kəlbəcəri ziyarət edəndən sonra Cəbrayıla - doğma kəndimizə də getsin”.

“Həsənin xəlvət getdiyi torpaqlara indi açıq-aşkar gedəcəyik”

Həsənin atası Fərman Həsənov deyir ki, son günlər cəbhədə baş verənlərdən sonra toxtaqlıq tapıb: “Düşmənin nə qədər canlı qüvvəsini, texnikasını məhv eləmişik. Üstəlik torpağımızın da bir hissəsini geri almışıq. Həsən özü öz qanını sağikən alıb, amma son günlər baş verənlərdən sonra bir qədər də təsəlli tapdım. Həsənin xəlvət getdiyi o torpaqlara indi açıq-aşkar gedəcəyik. Oğlumun ruhu indi şaddır. Cəbrayılın bizdə olan kəndlərindən keçib o tərəfə nar yığıb gətirmişdi bizə. Deyirdi, inşallah, yaxın vaxtlarda öz kəndimizdə yeyəcəyik bağımızın məhsullarını…”

Söhbət boyunca Həsənin atasına, qardaşına nisbətən toxtaq görünən Gilas xanım danışdıqca gözləri dolan həyat yoldaşına, oğluna təsəlli verirdi: “Ağlamayın, mən də ağlamıram. Özünün seçdiyi yoldu, balam arzusuna çatıb, sevinirəm. Xahiş edirəm mənimm adımdan bunu yazasınız. Bütün şəhid analarına səslənirəm. Ağlamayın, bizim qəhrəman oğullarımıza görə sevinin, bu millət üçün qəhrəmanlar böyüdün. Həsən kimi oğullar”.

Sonda ortaya Həsənin şəkli gəldi. Durub getmək istəyəndə bayaqdan hamıya təsəlli verən Gilas ananın səsi bizi tutub saxladı:

“Ad gününə maman qurban ay Həsən”. Ana fəryadı deyilən səs budu …

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər