Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Fuad Şükürov, Elnur Şükürov, Elman Əhmədov və Adil Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsinin ərazisində bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla “Nissan” markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar.
Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edərək videoya çəkiblər. Onlar həmin çəkilişi internetdə yerləşdirəcəkləri ilə hədələyərək Rüfət Camalovdan 20 min manat pul tələb ediblər.
Bununla bağlı daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini Elman Əhmədov, Salyan şəhər sakini Fuad Şükürov və Elnur Şükürov, həmçinin paytaxt sakini Adil Lətifov tutulub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) maddələri ilə ittiham olunublar.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilın prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fuad Şükürov 12 il, Elnur Şükürov 11 il, Adil Lətifovun 10 il 6 ay və Elman Əhmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov