Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Riad” mühafizə xidmətinin rəisi Etibar Qasımov ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Prosesdən sonra Akif Çovdarovun vəkili Kamandar Nəsibov qeyd edib ki, jurnalistlərin məhkəmə iclasına buraxılması ilə bağlı vəsatət verib. Amma məhkəmə vəsatəti təmin etməyib.
Vəkilin sözlərinə görə, daha sonra şahid qismində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq, hazırda təqaüddə olan əməkdaşı İsgəndər Hüseynov dindirilib.Şahid zərərçəkmiş Şahmar Qurbanovun Türkiyədə Hindistan vətəndaşlarına qarşı 100 min dollardan çox briliyantı dələduzluq yolu ilə ələ keçirdiyini deyib. Onun sözlərinə görə, həmin briliyantı Rusiyada satmaq istəyərkən əlindən alıblar.
İsgəndər Hüseynov qeyd edib ki, hazırda Şahmar Qurbanov barəsində Türkiyədə axtarış elan edilib.
Şahmar Qurbanov şahid İsgəndər Hüseynovun yalan danışdığını söyləyib: “Həmin şahid Akif Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Məhkəmədə hər şeyi yalan danışdı. Akif Çovdarova briliyantı xarici ölkədən onunla birlikdə gətirmişəm. Bunların hamısı Akif Çovdarovun göstərişi ilə olub. Məni Akif Çovdarovun otağına İsgəndər aparıb”.
Şahmar Qurbanov vurğulayıb ki, Bakı şəhərində olan evini Akif Çovdarovun göstərişi ilə İsgəndər Hüseynovun arvadının adına keçirib.
Proses noyabrın 28-də davam edəcək.
***
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən bu günkü prosesdə Akif Çovdarovun vəkili Şahin Rəfiyev vəsatət verib.
O, cinayət işinə xitam verilməsini və müvəkkilinin saxlanıldığı təcridxanada görüşə icazə verilməsini istəyib. Vəkil Şahin Rəfiyev bildirib ki, vəsatət qəbul olunub, lakin müzakirəyə çıxarılmayıb.
Şahin Rəfiyevin sözlərinə görə, ötən iclasda zərərçəkmiş Şahmar Qurbanov vəkillərin suallarını cavablandırıb: “Zərərçəkmiş suallara “xatırlamıram”, “yaddan çıxarmışam” və “unutmuşam” cavablarını verirdi. O, məhkəmədə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirdiyini etiraf etdi. Şahmar Qurbanov bizim suallarımızı aqressiv cavablandırırdı. Suallara cavabda“sizə adiyyatı yoxdur” deyirdi. Məhkəmə də bunu cavab kimi qəbul edirdi.
Zərərçəkmiş guya Akif Çovdarova 500 min dollar, 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlıq briliyant verdiyini bildirdi. Lakin o, həmin pul və briliyantları harada verdiyini xatırlamadığını söylədi”.
Vəkil qeyd edib ki, Akif Çovdarov iki həkimin nəzarəti altında məhkəməyə gətirilib: “Akif Çovdarov nəfəs almaqda çətinlik çəkdiyi üçün prosesdə fasilə elan olunub. Günün ikinci yarısında keçiriləcək iclasda şahid, “Read Farm” MMC-nin mühafizə xidmətinin rəisi Etibar Qasımov ifadə verəcək”.
Daha sonra zərərçəkmiş Şahmar Qurbanov jurnalistlərə açıqlama verib.
O, bir ay bundan qabaq nə yediyini yadından çıxardığını bildirib: “Hadisənin üzərindən çox vaxt keçdiyi üçün onu necə xatırlayım? Mən 9 ədəd 1 karatlıq, 1 ədəd də 3 kararlığı Akif Çovdarova gətirmişəm. 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlğı gətirəndə Akif Çovdarov dedi ki, bunlar da Eldar Mahmudova çatacaq. Ümumilikdə ona 300 min dollar dəyərində briliyant və 500 min dollar pul vermişəm. Həmin zərərin ödənilməsini istəyirəm”.
Proses günün ikinci yarısında davam edəcək.
İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərəraçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Hacı Zeynalov