16 Yanvar 2017 22:27
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə maskalı halda evə daxil olan quldurlar saxlanılıb.

Teleqraf.com "ARB Kəpəz"ə istinadən xəbər verir ki, Rayonun Qaracəmirli kəndində tənha qadının qızıllarını mənimsəyən "qəhrəmanların" eyni əməli başqalarının da başına açması, sonda quldurların yolunu polisə salıb.

Şəmkir rayonunun Qaracəmirli kəndində edilən quldurluq gecə saatlarına təsadüf edib. 2 nəfər maskalı şəxs kənd sakini Ziyafət Ağayevanın evinə girərək qadına soyuq silahla hədə-qorxu gəliblər. Çəkinməyərək cəld tərpənən qadın onların üzərindəki örtüyü çıxarmağa çalışsa da əks-hücumla qarşılaşıb. Zərərçəkənin sözlərinə görə, naməlum şəxslərdən biri onu boğmağa cəhd etsə də niyyətinə çata bilməyib. Qadının öz canının hayında olduğu müddətdə evdə aparılan axtarış nəticə verməyincə, gözlərini qadının barmağındakı qızıl üzüyə dikiblər.

Zemfira Ağayeva- zərərçəkən şəxs: “Əvvəlcə qapının birini, sonra isə o birisini təpiklə vurub açıblar. Vuran kimi bıçaqla üstümə gəldilər. Biri gecə lampasını söndürdü. O biri isə, bıçağı boğazıma dirədi ki, pulun yerini de. Mənim pulum yoxdur dedim. Dedi: onda bəs maşının pulu haradadır. Dedim hamısını borca vermişəm”.

Hadisədən sonra cinayət baş verən ünvana Şəmkir rayon polis şöbəsinin Kür bölməsinin əməliyyatçıları gəlib. Zəruri istintaq hərəkətlərindən sonra əməliyyat tədbirlərinə başlayan polis, şübhəli kimi Qaracəmirli kənd sakinləri 24 yaşlı Şəhriyar Quliyevi və 22 yaşlı Tehran Həsənovu saxlayıb. Dindirilən hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Əvvəlcədən planlaşdırılan quldurluq Ziyafət Ağayevanın rəhmətə gedən həyat yoldaşına məxsus avtomobilin satılmasından yaranıb.

Şəhriyar Quliyev- saxlanılan şəxs: “İçəri keçib pul və qızıl tələb etdim. Dedi ki, pulum yoxdur. Sonra dedim qızılları ver. O da qızılları vermək istəmədi. Dedi ki, yadigarımdır”.

Ortağı ilə həmfikir olan Tehran Həsənov isə qadına etdiyi humanistliyindən danışıb.

Tehran Həsənov- saxlanılan şəxs: “Üzündən maskasını cırdı. O da balıncı üzünə tutdu. O da boğuldu. Balıncı götürəndən sonra gördü arvad boğulur. Dedi mənə su ver. Mən də sobanın üstündən çaydandan su götürüb verdim”.

Araşdırmalar Şəhiyar Quliyevin bir neçə cinayətdə əli olduğunu ortaya çıxarıb. O, digər həmkəndlilərinin qəniminə çevrilib.

Dəstə üzvlərinin həmçinin, bu ilin sentyabr ayında Qaracəmirli kənd sakini Sübhan İbrahimovun yaşadığı mənzildən 2 min manat dəyərində qızıl zinət əşyaları oğurladığı da ortaya çıxıb. Artıq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.


Müəllif:

Oxşar xəbərlər