Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl baş verən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.
Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Qeyd edək ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Hüseynov avtomobilində bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilsə də kəskin qan itirmədən ölüb.
Rəşad Hüseynov taksi fəaliyyəti ilə məşğul olub. İlkin ehtimala görə o, müştərisi tərəfindən bıçaqlanaraq öldürülüb.
İyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.