15 İyul 2018 07:55
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda avtomobil oğurlanıb.

Teleqraf.com xəbər verir ki, iyulun 12-də Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini Eldar Alıyev axşam saatlarında Zabrat qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil qısa müddətdə Zabrat-1 qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədtağıyev olduğu müəyyən edilib.

Daha bir oğurluq hadisəsi Nəsimi rayonunda baş verib. 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Mirişovun “KİA” markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Mürsəlov saxlanılıb.

Bundan başqa, Ağdam rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Mahrızlı kəndinin ərazisində Ə.Abbasovun avtomobilindən oğurluğa cəhd göstərməkdə, V.Məmmədlinin və R.Əhmədovun avtomobillərindən isə pul və mobil telefon oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ağəli Salahov saxlanılıb.

Onun həmin gün V.Məmmədlinin “Mercedes” markalı avtomobilini qaçırmağa cəhd göstərdiyi də müəyyən edilib.

Hər üç faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov