26 Oktyabr 2018 16:21
4 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda yaşayan və ailəli olan Samirə Məmmədovanın (cinayət işində adı keçən zərərçəkmişin, onun ailə üzvlərinin ad və soyadı şərti verilib - red.) Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Nizami Cəfərov və onun dostu Elçin Pirişov tərəfindən intim görüntüləri ilə şantaj edildiyi barədə yazmışdıq.

Teleqraf.com hadisə ilə bağlı zərərçəkən Samirə Məmmədovanın ifadəsini əldə edib. Cinayət işi ilə bağlı Samirə Məmmədovanın dediklərini təqdim edirik.

Zərərçəkən qadın bildirib ki, 2011-ci ilin sonlarında “odnoklassniki” internet saytında özünü “Olqa” kimi təqdim edən qızla tanış olub və həmin şəxsi qadın zənn edərək , onunla səmimi danışıb: “2012-ci ilin fevralın əvvəllərində həmin “Olqa” deyilən şəxs özünü Elçin kimi təqdim edərək, iki ay ərzində mənim bütün yazışmalarımın, göndərdiyim şəkillərin onda olduğunu dedi. O, bu məlumatları yayacağı, ərimə, uşaqlarıma bildirəcəyi, ailəmi biabır edəcəyi ilə hədələdi. Məndən müəyyən məbləğdə pul tələb etdi”.

“Pulu qapının ağzına qoydum”

Samirə Məmmədova qeyd edib ki, Elçinə internet səhifələrində heç bir ədəbsiz şəkil yaymadığını və hansıda söhbətlərdə iştirak etmədiyini deyib: “Elçindən məni necə biabır edəcəyini soruşdum. O, mənim və ailə üzvlərimin barəsində bütün məlumatlara malik olduğunu, ailəm barədə yalan informasiyalar yayacağı ilə məni hədələdi. Elçinin hədə-qorxu gəldiyini gördükdə, ondan qorxdum və pul verməyə başladım. Elçin konkret vaxt və saatda qapıma gəlib, pulu götürəcəyini dedi. Elçinin istədiyi məbləği qapının ağzına qoydum. Elçin ya özü, ya da başqa tanımadığım şəxs vasitəsi ilə pulu aldı”.

“Hansı şəkillərı göndərdiyimi soruşdu”

Samirə Məmmədova deyib ki, 2012-ci ilin aprel ayınadək ərinin evdə olan pullarından ümumilikdə 5.000 manata yaxın pulu hissə-hisdə Elçinə verib: “2012-ci ilin aprelində Elçin növbəti dəfə məni şantaj etdi. Dözə bilmədiyimdən bu barədə ərim Mahirə danışdım. Mahir ilk növbədə məndən Elçin adlı şəxslə saytda nə barədə danışdığımı və hansı şəkillərı göndərdiyimi soruşdu. Elçinlə yalnız bir dost kimi danışdığımı və evdə çəkdirdiyim adi şəkilləri sayt vasitəsi ilə ona göndərdiyimi dedim”.

“Əxlaqsız qadın olmağım barədə xəbərlər yayacağını dedi”

Samirə Məmmədovanın sözlərinə görə, Elçin Pirişov əri Mahirə zəng vurmağa başlayıb: “Elçin mənə və göndərdiyi adamlara vaxtı-vaxtında pul verməyəcəyimiz halda barəmizdə müxtəlif rüsvayedici məlumatlar yayacağını, oğlum Eldarın telefon nömrəsini bildiyini, oxuduğu məktəbi tanıdığını, Elmarın sinif yoldaşlarına mənim guya əxlaqsız qadın olmağım barədə danışacağını dedi. Belə olduqda ərim oğlumun korlanacağından çəkinərək, Elçinə tələb etdiyi pulları çatdıracağına söz verdi”.

“Qapıdan 4 min manatı götürdü, bu da kameraya düşdü”

Samirə Məmmədova qeyd edib ki, Elçin zəng vurduğu vaxtlarda Mahir mütəmadi olaraq 500, 700 və ya 1000 manat məbləğində pulları Elçinə verib: “2012-ci ilin yay aylarında həyat yoldaşım evimizin giriş qapısına müşahidə kamerası qoydu. Təxminən 2012-ci ilin oktyabr ayının əvvəllərində Elçin Mahirə zəng vuraraq ona 4.000 manat pul lazım olduğunu, həmin pulu verərsə, Azərbaycandan gedəcəyini, bir daha onları narahat etməyəcəyini bildirdi. Mahir Elçindən bizi bir daha narahat etməyəcəyi barədə kişi kimi söz verəcəyi təqdirdə, ona həmin pulu verəcəyini bildirdi. Elçin də Mahirə söz verərək qeyd olunan pulu ona verəcəyimiz təqdirdə bir daha bizi narahat etməyəcəyini dedi. Buna görə də Mahir Elçinə oktyabr ayının 11-də qapının ağzından 4000 manatı götürməyi tapşırdı. Elçin ilk dəfə olaraq həmin gün saat 16.25-də Nizami Cəfərovu qapımıza göndərdi, həmin tarixdə Nizami gələrək qapının qarşısına qoyduğumuz 4000 manatı götürdü. Bu hal müşahidə kamerasında da qeydiyyata alındı”.

Samirə Məmmədova deyib ki, Elçin 2015-cilin əvvəllərinədək onları narahat etməyib. Zərərçəkmiş deyib ki, həmin vaxtdan yenidən Nizami Cəfərovun vasitəsi ilə Elçin onları şantaj etməyə başlayıb.

Zərərçəkmişin sözlərinə görə, həmin il yanvarın 4-də Nizaminin üzü kameraya düşüb, Mahir də həmin videogörüntünü dərhal çıxardaraq diskə köçürüb: “Həmin vaxt Nizami qapıdan 700 manat məbləğində pulu götürərək getdi. Bundan sonra Nizami adlı şəxs daha üç dəfə bizə gələrək pulu götürdü.

“Polislər pusqu qurdu”

Samirə Məmmədov deyib ki, 2017-ci ilin mayın 8-də Nizami Cəfərov vasitəsi ilə şantaj olunublar, bundan sonra əri polisə şikayət edib: “Mayın 19-da polis əməkdaşları yaşadığımız mənzilin ətrafında pulu götürmək üçün gələcək şəxsi yaxalamaq məqsədilə pusqu qurdular. Saat 10 radələrində sonradan adının Kamil olduğunu öyrəndiyimiz şəxs yaşadığımiz mənzilə yaxınlaşdı, 300 ABŞ dollarını götürərək gedərkən binanın giriş hissəsində polis əməkdaşları tərəfindən yaxalandı”.

“Ümumilikdə 31 min manat tələb etdilər”

Samirə Məmmədova deyib ki, 2012-ci ildən 2017-ci ilədək olan müddətdə Elçin Pirişov özünün Azərbaycanda olan əlaltısı Nizami Cəfərov və digər tanımadığı şəxslər vasitəsi ilə ümumilikdə onlardan 31.000 manat pulu hədə-qorxu ilə tələb etsələr də, Nizami Cəfərov özü ümumilikdə ondan 8.060 manat pul alıb.

Qeyd edək ki, 2011-ci ilin axırlarında Nizami Cəfərova tanışı Elçin Pirişov Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Samirə Məmmədova ilə “Odnoklassniki” internet saytında tanış olmaq, onun şəxsi fotoşəkillərini əldə etmək və fotoşəkilləri yaymaq hədəsi ilə əmlak əldə edə biləcəklərini bildirib.

Bundan sonra onlar Samirə Məmmədova və əri Mahir haqqında rüsvayedici məlumatları, yəni əldə etdikləri fotoşəkilləri internet səhifələrində, həmçinin sonuncuların övladlarının tədris aldıqları təhsil müəssisələrində yayacağı ilə hədələyib, onlardan bu məqsədlə 4.000 manat tələb ediblər.

Nizami Cəfərov 11 oktyabr 2012-ci il tarixdə, saat 16.25-də Samirənin Xırdalan şəhərində olan mənzilinə gedib, ondan 4.000 manat pul alıb.

Daha sonra Nizami Cəfərov və dostu Elçin Pirişov Samirəni və ərini 2015-ci ilin yanvarın 4-də yenidən hədələyib, 700 manat, həmin ilin noyabrın da 1200 manat, 2016-cı ilin martında 900 manat, həmin ilin dekabrında isə 750 manat alıblar.

Sonuncu dəfə onlar ər-arvadı 2017-ci ilin mayın 17-də şantaj ediblər və 700 manat tələb ediblər. Bu zaman Samirə və Mahir polisə şikayət ediblər. Mayın 19-da 300 dolları Samirədən alan zaman Nizami Cəfərov cinayət başında yaxalanıb.

İstintaq orqanı tərəfindən Nizami Cəfərova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nizami Cəfərov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.

Nizami Cəfərovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nizami Cəfərovun şikayəti təmin olunmayıb.

Bu işdə Elçin Pirişovun barəsində cinayət işi başlanıb. O, Türkiyə respublikasına qaçdığı üçün barəsində axtarış elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər