4 Dekabr 2018 14:03
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadınını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları, daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı dekabrın 14-nə təyin olunub.

İttihama görə, qətl hadisəsi Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini, 62 yaşlı Zamin Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb.

Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerindəcə keçinib.

Hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib.

Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Zamin Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib.

Müalicə prosesindən sonra hadisədən bir gün əvvəl qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib.

Evə gələr-gəlməz kişi ilə xanımı arasında mübahisə yaranıb.

Zamin Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək həyat yoldaşına hücum edib və onu öldürüb.

Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub.

Hadisəni törədən Zamin Rəsulov iki dəfə evli olub.

O, uzun illər əvvəl Natəvan Rəsulova ilə ailə qurub.

Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli vaxt keçəndən sonra Zamin Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb.

İstintaq orqanı tərəfindən Zamin Rəsulovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Rəsulov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Zamin Rəsulov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər