15 Mart 2019 12:03
3 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 15 il əvvəl qətl hadisəsi törətməkdə təqsirli bilinən Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Ramil Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramil Salamov sevgilisini öldürəndən sonra məhkumluq həyatı yaşasa da, bu, qətl hadisəsi ilə əlaqəli olmayıb.

O, 2008-ci ildə oğurluq etdiyi üçün Suraxanı rayon Məhkəməsində 177.2.2 və 177.2.3-cü (oğurluq) maddələri ilə mühakimə olunub və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ramil Salamov həbs olunanda qətli etiraf etməyib. Həbsxanadan çıxdıqdan sonra bir müddət azadlıqda gəzib, hətta ailə də qurub.

Ramil Salamov yenidən həbs edilib, bu dəfə sevgilisini öldürməsi ittihamı ilə barəsində cinayət işi başlanıb.

“Həyatımda ilk kişisən, səndən polisə şikayət edəcəm”

İstintaq sənədlərinə görə, Ramil Salamov 2004-cü ilin yanvar ayında tanış olduğu Şəki şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyalə Mövsümova ilə həmin ilin oktyabr ayınadək Şəki şəhərində müxtəlif yerlərdə dəfələrlə görüşüb və yaxın münasibətləri olub.

Sonradan Xəyalə Ramildən onunla evlənməyi tələb edib. O, Ramilə evlənməsə cinsi əlaqədə olduğu ilk kişi kimi ondan polisə şikayət edəcəyini deyib.

Ramil Salamov aralarındakı münasibətlərə aydınlıq gətirmək üçün 10 oktyabr 2004-cü il tarixdə, saat 15 radələrində Xəyalə Mövsümova ilə Şəki şəhəri, H.Əliyev prospekti ilə Şərbablar küçəsinin kəsişməsində görüşüb. Onlar birlikdə Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən yarımçıq tikiliyə gəliblər.

Həmin vaxt Xəyalə Mövsümova yenidən israrlı olaraq Ramildən evlənməyi tələb edib, əks halda ondan polisə şikayət edəcəyini bildirib.

“Hərbi xidmətdə olduğumu bildirdim”

Mübahisə zamanı Ramil Xəyaləni boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən Ramil Salamovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Ramil Salamov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2004-cü ilin yanvar ayında Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən hərbi hissəsində xidmətdə olarkən on gün müddətinə məzuniyyətə buraxılıb və məzuniyyəti keçirmək üçün Şəki şəhərinə gəlib: “Şəki şəhərində yerləşən 7 nömrəli orta məktəbi bitirdiyim üçün məzuniyyət zamanı həmin məktəbin qarşısına gəldim. Məktəbin qarşısında cavan bir qızın mənə baxıb gülümsədiyinə görə diqqətimi çəkdi. Sonradan adının Xəyalə olduğunu öyrəndiyim həmin qıza yaxınlaşdım, onunla tanış oldum.

Tanış olarkən Xəyalədən ev telefonunun nömrəsini öyrəndim. Xəyaləyə hərbi xidmətdə olduğumu və qısa müddətli məzuniyyətə gəldiyimi bildirdim”.

“Atasına Xəyalə ilə evlənəcəyimi söylədim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, məzuniyyətdə müddətində Xəyalə ilə görüşüb: “Hətta bir dəfə Xəyaləni görüşdən sonra gec olduğu üçün evlərinə ötürdüm. Evin yaxınlığında Xəyalənin atası ilə qarşılaşdım. Atasına Xəyaləni sevdiyimi, əsgərliyi qurtarandan sonra Xəyalə ilə evlənəcəyimi söylədim.

Məzuniyyəti bitirdikdən sonra hərbi hissəyə qayıtdım. Hərbi xidmətdə olanda bir neçə dəfə Xəyalənin yaşadığı ev nömrəsinə zəng vurdum, onunla telefonda danışdım. Bir-birimizlə məktublaşırdıq da”.

“Xəyaləni qaçırmadığımı söylədim”

Ramil Salamovun bildirdiyinə görə, 2004-cü ilin iyul ayında hərbi xidmətini başa vuraraq Şəki şəhərinə gəlib: “Xəyalə ilə münasibətimiz davam etdi. Həmin ilin oktyabrın 10-da Xəyaləyə zəng edərək telefonda danışdım. Bu zaman anası danlayaraq telefonu onun əlindən aldı. Həmin gündən sonra Xəyalə ilə bir daha danışmamışam”.

Ramil Salamov qeyd edib ki, 10 oktyabr 2004-cü il tarixdə saat təxminən 19 radələrində Xəyalənin qohumu olan Nigar adlı qadın ona zəng edib: “Nigar məndən Xəyaləni qaçırıb-qaçırmadığımı soruşdu. Ona Xəyaləni qaçırmadığımı, Xəyalənin hara getməsindən xəbərsiz olduğumu söylədim”.

Ramil Salamovun sözlərinə görə, həmin gün axşam tərəfi Xəyalənin dayısı və qardaşı Tural onlara gəlib və Xəyalə barədə soruşublar: “Onlara da Xəyalə barədə heç bir məlumatımın olmadığını bildirdim. Xəyalənin qardaşı və dayısı getdikdən bir müddət sonra evimizə Şəki rayon polis şöbəsinin Qüdrət adlı əməkdaşı və tanımadığım bir nəfər polis işçisi gəldi. Qüdrət müəllim Xəyaləni qaçırmağım barədə polis şöbəsinə ərizə daxil olduğunu bildirdi.

Həmin vaxt onlara da Xəyalədən xəbərimin olmadığını söylədim. Qüdrət müəllim şəxsiyyət vəsiqəmi götürərək səhəri gün polis şöbəsində olmağımı istədi, daha sonra getdi”.

“Vaxtaşırı məni dindiriridilər”

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün polis şöbəsinə gedib: “Şöbədə məndən Xəyalənin yerini soruşdular. Onlara xəbərsiz olduğumu bildirdim. Polis şöbəsində bir qədər saxladıqdan sonra məni sərbəst buraxdılar. Həmin hadisədən sonra məni vaxtaşırı polis şöbəsinə çağıraraq dindirirdilər”.

Ramil Salamov bildirib ki, 3 aprel 2015-ci il tarixdə, günorta saatlarında polis əməkdaşları Bakı şəhərində onu tutaraq Şəki rayon polis şöbəsinə gətiriblər: “Polis şöbəsində olduğum zaman Xəyalənin anası Rasimənin "yuxarılar"a yazdığını, polis şöbəsindən əl çəkmədiyini deyərək cinayəti boynuma almağımı istədilər. Cinayəti törətmədiyimi söylədim. Bu zaman mənim telefonumu əlimdən aldılar, telefonunun içərisinə narkotik maddə olan heroin qoydular. Polis şöbəsinə çatan kimi hal şahidləri dəvət olundu, onların iştirakı ilə narkotik maddə telefonunun arxasından çıxarıldı. Lakin sonradan məni Xəyalənin işi ilə əlaqədar gətirdiklərini bildirdilər”.

“Xəyalənin qatili deyiləm”

Təqsirləndirilən şəxs ifadəsinin sonunda qətli törətmədiyini deyib: “Polis şöbəsində Xəzər, Qabil, Vüqar adlı şəxslər məni döyərək hadisəni boynuma qoymağa çalışdılar. Hətta söz verdilər ki, hökm çıxan kimi bəri başdan mənə 20 min manat veriləcək, həmçinin hər ay türməyə 200 manat da göndərəcəklər.

Döyüldüyümdən, təzyiqlər altında qaldığımdan cinayəti boynuna aldım. Hətta hər dəfə məni dindirməmişdən qabaq iynə də vurdular. Sonradan öyrəndim ki, həmin iynə kakos deyilən narkotik maddə olub. Ona görə də mənə istədikləri yazılmış vərəqə imza etdirdilər”.

“Qızımın itkin düşdüyünü bildirdi”

Mərhumun atası Məmmədrəhim Mövsümov bildirib ki, 11 sentyabr 2004-cü il tarixdə işləmək məqsədilə Rusiya Federasiyasına gedib: “Noyabrın 23-də hal-əhval tutmaq məqsədilə yaşadığım evin telefon nömrəsinə zəng etdim. Telefonu arvadım Rasimə götürərək ağlayaraq Xəyalənin oktyabrın 10-da itkin düşdüyünü söylədi. Arvadımdan qızımın necə itkin düşdüyünü soruşdum.

Arvadım qızımın günorta vaxtı Gültəkin adlı rəfiqəsinə albom vermək adı ilə evdən çıxdığını, elə həmin vaxtdan Xəyalədən bir xəbər olmadığını dedi. Buna görə də noyabrda Azərbaycana qayıtdım”.

Məmmədrəhim Mövsümov həmçinin ifadəsində göstərib ki, 2004-cü ilin yanvar ayında Ramil qızı Xəyalə ilə birlikdə yaşadıqları evin qarşısına kimi gəlib: “Həmin vaxt Ramildən kim olduğunu soruşdum. Ramil Xəyaləni sevdiyini, əsgərlikdən qayıdan kimi onu alacağını, əgər Xəyalə ilə evlənməyə razı olmasalar 3 evdə ölüm olacağını söyləyərək getdi.

Bu barədə Ramilin qohumlarına dedim. Onlar da bu işi yoluna qoyacaqlarını bildirdilər”.

10 il 6 ay cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Salamov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramil Salamov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verərək, Ramil Salamovun cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Tərəflərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl bu cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Hakim kollegiyası zərərçəkmiş tərəfin kasasiya şikayətini təmin etməyib.

Həmin dövrdə təqsirləndirilən şəxs Ramil Salamov kasasiya şikayəti verməsə də, sonradan Ali Məhkəməyə müraciət edib. O, şikayətində qeyd edib ki, işə baxan məhkəmələr ona cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, 3-cü qrup əlil olmasını nəzərə almadan ədalətsiz cəza təyin ediblər.

Ramil Salamov qeyd edib ki, zərərçəkmiş Xəyalə Mövsümovanı öldürməyib. O bu cinayət əməlində təqsirli bilməyib.

Məhkum sübutların düzgün araşdırılmadığını və bu səbəbdən məhkəmə kollegiyasından ya barəsində olan qərarın ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması və ya iş üzrə cəzanı yüngülləşdirən halları nəzərə alaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkumun kasasiya şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov