Gədəbəy rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirli bilinən 1994-cü il təvəllüdlü Anar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Anar Cəfərov Gədəbəyin mərkəzində, “kruq” adlanan ərazidə rayonun İnəkboğan kənd sakini Leyla Cəfərova ilə söhbət etdiyi vaxt həmkəndlisi Babək Həsənov onlara yaxınlaşıb. O, Anar Cəfərova bildirib ki, arvadı Leyla Cəfərovanı narahat etməsin.
Buna görə onların aralarında mübahisə yaranıb, Babək Həsənov onu yumruqla vurmaq istəyib. Dalaşmamaları üçün Leyla Cəfərova əynindəki gödəkcəsindən tutaraq Babək Həsənovu arxaya doğru çəkib.
Həmin vaxt Anar Cəfərov Babək Həsənovun onu vurmaq istədiyini görüb, yumruqla sonuncunun üz nahiyəsindən zərbələr endirib.
“Mənə səs yazısı göndərildi, evimə daş atdılar”
Babək Həsənov yumruqla onun başına zərbə vurduqda, Anar Cəfərov da onun sifətinə zərbə endirərək arxada dayanmış avtomobilin üzərinə yıxıb. Babək Həsənov xəsarət alıb.
İstintaq orqanı tərəfindən Anar Cəfərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Babək Həsənov bildirib ki, 2016-cı ilin sentyabr-oktyabr aylarında ona tanımadığı mobil nömrədən zəng gəlib və ondan kim olduğunu soruşub: “Telefonla danışan şəxs özünü Şəmkir rayon Posanlı qəsəbə sakini Sərxan kimi təqdim etdi və aramızda narazılıq yarandı, həmin şəxs telefonda məni təhqir etdi.
Daha sonra həmin nömrədən bir neçə dəfə zəng gəldi. Telefonda mənə səs yazısı gördərildi və mənim evimin həyətinə daş atdilar. Mən də məcbur qalaraq polisə ərizə verdim. Polislər həmin şəxsin Anar Cəfərov olduğunu müəyyən etdilər”.
“Leylanı rahat buraxmasını tələb etdim”
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2018-ci il fevralın 23-də Anar, Leyla və o, birlikdə Gədəbəy rayon polis şöbəsində izahat veriblər: “Mən şöbədən saat 18 radalərində çıxdım, rayon mərkəzinə doğru getdim. Yol boyu Leyla ilə olanlar barədə mobil telefonda danışdım. Leyla telefonda mənə “mən ölsəm uşaqlarıma sahib çıxarsan”, - deyərək telefonu söndürdü. Yanımda yol gedən bir nəfər şəxs mənə “qırmızı kurtkalı oğlan sənin yanında olan qadının üstünü kəsib”, - dedi. Mən də arxaya çevrildim və Anarın Leylanın əyləşdiyi avtomobilin arxa sağ qapısını açdığını və Leyla ilə kobud formada danışdığını gördüm.
Ona yaxınlaşdım, Leylanın övladlarımın anası olduğunu, onu rahat buraxmasını tələb etdim. Anar heç bir söz demədən sifət nahiyəmə 2-3 dəfə yumruqla zərbə vurdu. Zərbədən başım gicəlləndi və həmin yerdə olan digər avtomobilin ön hissəsinin üzərinə yıxıldım.
Həmin vaxt başımın arxasından bir zərbə dəydiyini hiss etdim. Ətrafda olan şəxslər Anarı məndən uzaqlaşdırmağa çalışan zaman iki nəfər polis əməkdaşı kömək etdi, məni avtomobilin üzərindən qaldırdılar”.
“Söz verdi ki, məni və ailəmi narahat etməyəcək”
Cinayət işi üzrə şahid qismində ifadə verən Leyla Cəfərova qeyd edib ki, 2016-cı ilin sentyabr-oktyabr aylarında kimsə həyat yoldaşı Babək Həsənova zəng vurub, özünü Şəmkir rayonu, Posanlı qəsəsəbə sakini kimi təqdim edib və onun barəsində danışıb: “Babək məndən şübhələnərək bu barədə soruşdu və maraqlanaraq həmin şəxsin həmkəndlimiz Anar Cəfərov olduğunu öyrəndi.
Babəklə həmin mübahisəyə görə münasibətlərimiz pisləşdi. Hər ikimiz Anar Cəfərovun barəsində Gədəbəy rayon polis şöbəsinə ərizə ilə müraciət etdik.
Fevralın 23-də Babək, Anar və Anarın atası polis şöbəsində izahat verdik. Anar öz adından söz verərək polis şöbəsindən çıxdıqdan sonra mənimlə və ailəm ilə heç bir işinin olmayacağını bildirdi. Biz şöbədən çıxdıq. Mən bir qədər öndə, Babək isə məndən arxada rayon mərkəzinə doğru getdik”.
“Özümü pis hiss etdim”
Leyla Cəfərova qeyd edib ki, həmin vaxt telefonda Babəklə danışaraq ona valideyinlərinin yaşadığı Şəmkir şəhərinə qayıtmaq istədiyini bildirib və Babək onu gözləməyi söyləyib:
“Rayon mərkəzində taksiyə yaxınlaşdım və arxa oturacaqda əyləşəndə Anar qəflətən avtomobilin qapısını açdı. O, aparılan araşdırma ilə əlaqədar telefonu polis şöbəsində olduğu üçün məndən telefonumu polisdən alınaraq ona qaytarmağı tələb etdi. Həmin vaxt Anara məni narahat etməməyi, burdan getməyi məsləhət bildim. Babək də həmin vaxt taksiyə yaxınlaşaraq Anara nəyə görə məni narahat etdiyini dedi. Anara polis şöbəsində söz verdiyini xatırlatdi, nə üçün təkrarən mənə yaxınlaşdığını soruşdu.
Anar Babəkin üzərinə gələrək qəflətən yumruqla onun gözünün altından vuraraq sonuncuya xəsarət yetirdi. Həmin vaxt Babək yerə yıxıldı. Mən qışqırdım və səsimə yaxınlıqda xidmət aparan polis əməkdaşları gəldi. Anarı oradan bir qədər uzaqlaşdırdılar. Anar polis əməkdaşları gələn zaman qaçaraq yolu keçdi və keçərkən nalayiq ifadə işlətdi. Həmin vaxt hadisədən təsirləndiyim üçün özümü pis hiss etdim”.
Leyla Cəfərovanın sözlərinə görə, daha sonra polis əməkdaşları onu, Babəki və Anarı polis şöbəsinə gətiriblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Cəfərov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Anar Cəfərov apelyasiya şikayəti verib. O məhkəmə hökmündə ona verilmiş ittihamı sübut edəcək heç bir sübut növünün olmadığını qeyd edib. Bildirib ki, hökmdə ibtidai istintaqın gəldiyi nəticə əsas götürülüb: “Zərərçəkmiş şəxslə qarşılıqlı olaraq bir-birimizi yumruq zərbələri ilə vurmuşuq. Bu zaman Babək Həsənov xəsarət alıb. Məqsədim zərərçəkmişə hər hansı bir xəsarət yetirmək olmayıb. Həmin əməli zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətləri nəticəsində etmişəm”.
Anar Cəfərov qeyd edib ki, yaşayış yeri üzrə müsbət xaraktekrizə olunur, yüngül dərəcəli əqli gerilik, yüngül debillik dərəcəsində oliqofreniya xəstəliyindən əziyyət çəkir. O, hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Anar Cəfərovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Çingiz Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb, sonda qərar elan edilib.
Anar Cəfərovun şikayəti təmin edilməyib.