Siyəzən rayon polis şöbəsi əməliyyat tədbirləri ilə narkotik maddələr satmaq məqsədi ilə karantin qaydalarını pozaraq rayon ərazisində hərəkət edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Siyəzən rayonunda “Baba” ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş M.Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərində keçirilən axtarış zamanı satış üçün hazırlanmış ümumilikdə 15 bükümdə narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, 2 ədəd bıçaq, eləcə də nəqliyyat vasitəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Siyəzən rayon polis şöbəsində cinayət işi açılıb.