10 Avqust 2020 10:07
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1996-cı il təvəllüdlü İsmayıl Ağasənovun barəsində daha iki maddə ilə ittiham elan edilib.

Teleqraf.com xəbər verir ki, İsmayıl Ağasənovun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham verilib.

Bundan əvvəl isə İsmayıl Ağasənov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunurdu.

İsmayıl Ağasənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanı Xətai rayon Məhkəməsinə təqdimat verib.

Hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan iclasda təqdimat təmin olunub.

İsmayıl Ağasənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir aya qədər uzadılıb.

İttihama görə, bu ilin fevralın 9-na keçən gecə saat 23 radələrində Xətai rayonu Zığ yolu 22 ünvanında yerləşən marketdə satıcı işləyən 1958-ci il təvəllüdlü Bəxtiyar Yusif oğlu Əliyev bıçaqlayaraq öldürülüb. Onu 1996-cı il təvəllüdlü qonşusu İsmayıl Ağasənovun öldürdüyü üzə çıxıb.

Məlum olub ki, 24 yaşlı İsmayıl pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək 62 yaşlı Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Xətai rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov