Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Asif Ağayev ifadə verib.
O bildirib ki, Səlim Əlizadə ilə tanışlıqları olub: “Bizim “Ofis Aləmi” adlı dəftərxana mallarının satışı ilə məşğul olan mağazamız var idi. Səlim müəllimlə tanışılığımız oradan yarandı. Bizdən mallar alırdı. Malları bəzən nisyə götürür, sonra pulunu ödəyirdi".
Şahidin sözlərinə görə, Səlim Əlizadə 2020-ci ildə nazirliklə müqavilə bağlamaqlarını istəyib: “Müqavilələr bağlandı. Pulu köçürmə ilə etməyə başladılar. Səlim dedi ki, nazir ona tapşırıq verib, bu səbəbdən ona pul lazımdır. Mənə dedi ki, şirkətin adına pul köçürsünlər. Mən də həmin pulu çıxarıb, ona borc kimi verim. Nazirlik tərəfindən 60 min manat pul köçürüldü. Həmin puldan 18 min manatlıq mal vermişdik. Qalan pulu da illik mallar verəcəkdik. Səlim xahiş etdi ki, pulu nağlaşdırıb ona borc kimi verim. 42841 manat pulu nağdlaşdırıb, ona borc kimi verdim”.
Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmə verdiyi ifadə arasında ziddiyət olub. Bu səbəbdən onun ifadəsi elan olunub.
İbtidai istintaqa ifadə verən şahidin sözlərinə görə, tender zamanı qalib olandan sonra Xarici İşlər Nazirliyi tərəfindən 68 min manat pul köçürülüb. O da həmin pulu Səlim Məmmədova verib.
Daha sonra iki şahid ifadə verib. Növbəti proses sentyabrın 29-da davam edəcək.
İttihama görə, Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq zamanı onların çoxsaylı qanunsuz əməllərə yol vermələri müəyyən edilib.
İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.