5 Sentyabr 2022 17:54
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib.

O bildirib ki, Rasim Sadıqovun İsveçrədən vəkilləri gəlib və həmin vəkillərin prosesdə iştirakının təmin olunmasını istəyir. O, həmçinin məhkəmə prosesinin video çəkilişinin aparılmasını da xahiş edib.

Hakim deyib ki, video çəkilişin aparılması üçün texniki imkanlar hazır olan kimi vəsatət təmin olunacaq.

Daha sonra çıxış edən Rasim Məmmədov bildirib ki, 20 aydır həbsdədir. Hacı Məmmədovadan sonra ikinci şəxsdir ki, Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılır: "Mən niyə həbs edilmişəm? İş adamıyam, əmlaklarımı özüm almışam".

Daha sonra vəkil Elçin Sadıqov cinayət işində olan əməliyyat-axtarış tədbirləri haqqında sənədlərin işdən xaric edilməsini, Prezident Adminstrasiyasınln sabiq rəhbəri Ramiz Mehdiyevin əlavə şahid qismində dindirilməsini, Rasim Sadıqovun son 10 il ərzində Prezident Adminstrasiyasına girib-çıxması barədə qeydiyyat kitabçasının məhkəməyə təqdim olunmasını, Rasim Məmmədovun barəsində olan cinayət işinə xitam verilməsini, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Məhkəmə vəsatətlərin təmin etməyib.

Növbəti proses sentyabrın 9-a təyin olunub.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər