Bərdə rayonunda 1991-ci il təvəllüdlü Şahmar həmkəndlisi Xatirəyə (adlar şərti verilib – red.) hədə-qorxu gələrək ondan pul tələb edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 16 aprel 2021-ci ildə gecə Bərdə rayonunun bir kəndində baş verib.
Şahmar Xatirəyə məxsus fərdi yaşayış evində pul verməyəcəyi təqdirdə onu öldürəcəyini deyib.
İstintaq orqanı tərəfindən Şahmarın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Şahmarın barəsində olan cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elsun Əhmədovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailə üzvüləri ilə birlikdə yaşayır: “Zərərçəkmiş Xatirəni uzun müddətdir tanıyıram. O, yaşadığım kənddə öz evində tək qalır. Əvvəllər Xatirə ilə mənim ailə üzvülərim arasında hər hansı ədavət, düşmənçilik və narazılıq doğuran hal baş verməyib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 16-da, təxminən gecə saat 1 radələrində yaşadığı evdə spirtli içki qəbul edib: “Arvadım Səma ilə mübahisə etdim. Buna görə də evi tərk elədim. Kəndimizdə tək yaşayan Xatirəgilə gedərək orada gecələmək qərarına gəldim. Əvvəllər Xatirənin yaşadığı evinin həyətyani sahəsində olan kol-kosu təmizləmişdim, abadlıq işləri aparmışdım. Buna görə də Xatirəni özümə yaxın şəxs bildim. Bu səbəbdən onun evinə getməyə qərar verdim”.
Şahmar deyib ki, yaşadığı evlə Xatirənin evi arasında məsafə 500-600 metrdir: “Gecə piyada Xatirənin evinin yanına gəldim. Darvazanın açıq olduğunu gördüm və həyətə girdim. Sonra evin sağ tərəfində yerləşən giriş qapısına tərəf getdim. Həmin qapı da açıq idi. Xatirə qoca olduğundan və qulağı yaxşı eşitmədiyindən onu səsləmədim, birbaşa evin içərisinə keçdim. Xatirə evin yataq otağında uzanmşdı.
O, məni görən kimi uzandığı yerdən qalxdı, mənim kim olduğumu soruşdu. Mən isə “həmişə gəlib sənin evinin həyətində otu biçən oğlanam“ dedim. Bundan sonra Xatirə məni tanıdı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı ilə mübahisə etdiyindən Xatirədən gecələmək üçün yer istəyib: “Xatirə ilə siqaret çəkdik, sonra mən divanda uzandım. Təxminən yarım saat sonra Xatirə qəflətən qışqıraraq səs-küy saldı, qonşuluqda olan Sahibi köməyə çağırmağa başladı. Yerimdən qalxdım, həyət darvazasından çölə çıxdım, evimə getdim”.
Şahmar deyib ki, səhər saat 8-9 radələrində qardaşı Əli onun arvadına zəng edib: “Yuxudan oyandıqda, zəng edənin qardaşım olduğunu gördüm. Qardaşım telefonda mənə yer əkmək üçün rayonunun digər kəndinə gedəcəyimizi bildirdi. Təxminən 10 dəqiqə sonra qardaşımın yaşadığı evə yollandım. Oradan traktorla işləməyə getdik.
Həmkəndlim Valehin həyətində yer əkməyə başlayarkən polis əməkdaşları ora gəldi, cinayət törətdiyimi bildirdilər. Məni Bərdə rayon polis şöbəsinə dəvət etdilər”.
Şahmar bildirib ki, zərərçəkmiş Xatirədən pul tələb etməyib, evi axtarmayıb və onu öldürməklə hədələməyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xatirənin sözlərinə görə, aprelin 16-da, gecə qəflətən bir nəfər şəxs evin arxa tərəfində olan otaqdan içəri daxil olub: “Üzdən tanımadığıma görə onun kim olduğunu soruşdum. Mənə adını bildirməsə də, “Xatirə xala, pul ver” dedi. Təxminən 30-35 yaşı olardı. Ona pulumun olmadığını dedim. Həmin şəxs yataq otağında döşəyi qaldırdı, evi axtarmağa başladı. Heç nə tapmayanda pul verməyəcəyim halda məni öldürəcəyi ilə hədələdi.
Qışqıraraq yaxınlıqda yaşayan qonşuları köməyə çağırdım. Bir qədər sonra qonşu Mahirə xanım səsimi eşidərək, yaşadığım evə gəldi. Ona hadisəni olduğu kimi danışdım”.
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxs evdən hər hansı məbləğdə pul, əşya və ya digər bir şey aparmayıb: “Sadəcə məndən pul tələb etdi. Ona hər hansı məbləğdə pul verməmişəm”.
Zərərçəkmiş bildirib ki, əynindəki paltarın cibi olmadığına görə torba tikərək özünə məxsus pulu həmin torbanın içərisində saxlayır. Hadisədən sonra torba və içərisindəki pul yerində olub: “Polisin araşdırması nəticəsində həmin şəxsin həmkəndlim Şahmar olduğunu öyrəndim. Hadisə nəticəsində heç bir əmlakım zədələnməyib və ya məhv edilməyib”.
Məhkəmə Şahmarın əməlini Cinayət Məcəlləsinin 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddəsinə tövsif edib.
Onun barəsində 1 il müddətinə islah işləri cəzasına məhukm edilib. Şahmarın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.